Badri Kvaratsxeliya millimizi seçməsinin səbəbini açıqladı

Badri Kvaratsxeliya millimizi seçməsinin səbəbini açıqladı "1997/1998 mövsümünü Gəncənin "Kəpəz" klubunda keçirdim. 22 oyunda 20 qol vurub Azərbaycan çempionatının bombardiri və qalibi oldum. Həmin mövsümdə komanda ölkə kubokunu da qazandı".
Futbol
20 Oktyabr , 2020 09:38
Badri Kvaratsxeliya millimizi seçməsinin səbəbini açıqladı
Badri Kvaratsxeliya

"1997/1998 mövsümünü Gəncənin "Kəpəz" klubunda keçirdim. 22 oyunda 20 qol vurub Azərbaycan çempionatının bombardiri və qalibi oldum. Həmin mövsüm komanda ölkə kubokunu da qazandı. Final matçında da qol vurdum".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliya "apsny.ge" saytına müsahibəsində deyib.

Gürcüstanlı veteran hücumçu bildirib ki, "Kəpəz"ə həmin vaxt ölkəsinin "Merani" klubunda çıxış etmiş qapıçı Qubaz Dolidzenin tövsiyəsi ilə keçib: "Sonra 5 mövsüm "Şəmkir"də oynadım. 3 dəfə Azərbaycan çempionu, 2 dəfə kubokun finalçısı, bir dəfə isə çempionatın ən sərrast futolçusu oldum. "Şəmkir"in heyətində meydana çıxdığım 110 oyunda 51 qol vurmuşam. Azərbaycan çempionatları tarixində 3 dəfə het-trik etmişəm. Həmçinin 2000-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsinin "Skonto" ilə görüşündə 3 dəfə fərqlənmişəm".

Azərbaycan millisinə çağırılması barədə də danışan Kvaratsxeliya Gürcüstan yığmasındakı güclü rəqabətə görə bu təklifi qəbul etdiyini söyləyib: "Bilirdim ki, məni Gürcüstanın əsas millisinə çağırmayacaqlar. Çünki orada məndən güclü futbolçular var idi. Azərbaycandan isə təklif 1998-ci ildə gəldi. Amma 33 yaşım olduğu üçün əvvəlcə qəbul etməkdən çəkindim. 1999-cu ilin sonunda məni növbəti dəfə yığmaya dəvət etdilər. Həmin vaxt 34 yaşım var idi. Bu dəfə isə risk etdim və millidə 3 oyun keçirdim. Bunlar DÇ-2006-nın seçmə mərhələsinin İsveç və Makedoniya ilə matçları, həmçinin Gürcüstanla yoldaşlıq görüşü idi. Daha iki qarşılaşmada isə ehtiyatda qaldım. Karyeramın sonlarında Birləşmiş Ərəb Əmirliklərinin "Dubay" klubundan sərfəli təklif alsam da, məni ora buraxmadılar. Futbolda belə hallar da olur. Bundan sonra "Şəmkir"də oynamağa davam etdim və 39 yaşımda karyeramı bitirdim. Tbilisiyə qayıtdıqdan sonra məşqçiliyə başladım. Azərbaycan və Gürcüstanda müxtəlif klublarda çalışdım. 2019-cu ilin yazında ürək əməliyyatından sonra məşqçilik karyeramı başa vurmalı oldum".

55 yaşlı mütəxəssisin sözlərinə görə, övladlarının futbolla məşğul olmasında xanımı Maka Lukava xüsusi rol oynayıb: "1996-cı ildə evləndim. Həyat yoldaşım futbolu sevir. Onun futbola sevgisi sayəsində uşaqlarımız bu sahəyə yönəldilər. Böyük oğlum Nikanın 23 yaşı var. Gürcüstanın aşağı yaş qrupu üzrə klublarında oynasa da, səhhəti ilə bağlı 19 yaşında futbolu atın təhsilə yönəldi. Ortancıl oğlum Xviça isə 19 yaşındadır. Mən onun üçün həm ata, həm dost, həm də məsləhətçiyəm. Hərdən ona məsləhətlər versəm də, bunu yumşaq formada edirəm. Xviça futbolla yaşayır. Bu, onun üçün təkcə sənət deyil, həmçinin həyat tərzidir. Onun ən böyük fanatı kiçik oğlum Tornikedir. Cəmi 10 yaşı var, Tbilisinin "Avaz" klubunda çıxış edir. Hələlik oyunundan razıyam".

Son xəbərlər

Orphus sistemi