"Təxminən 15 gün zədə üzündən məşqlərdə iştirak edə bilmədim. Müalicə prosesinin sonu uğurlu alındı. Bakıdakı son iki məşqdə komandamla birlikdə oldum. Çalışdım ki, baş məşqçinin tələblərinə uyğun məşq edim. Düzdür, iki həftədən artıq kənarda qalmağım hiss olunurdu. Buna görə də tam formada olduğumu deyə bilmərəm. Çünki qeyd etdiyim müddət az vaxt deyil".
"Report"un məlumatına görə, bu fikirləri UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın futzalçısı Ramiz Çovdarov federasiyanın rəsmi saytına açıqlamasında deyib.
O, komandada ab-havanın yüksək olduğunu, yaxşı hazırlıq prosesi keçdiklərini vurğulayıb: “Hər kəs istəklidir. Çempionat oyunlarının keçirilməsi də hazırlığımıza kömək etdi. Məşqlə rəsmi oyun fərqlidir. Çalışacağıq ki, qarşıya qoyulan tapşırığın öhdəsindən gələk”.
Çovdarov Ukraynadakı oyunlara bir məqsəd üçün çıxacaqlarını da qeyd edib: “Səfərə ancaq qələbə qazanmaq, qrup mərhələsini birinci yerdə başa vurmaq üçün gedirik. Təəssüf ki, tam heyətlə mübarizə apara bilməyəcəyik. Rizvan Fərzəliyev, eləcə də İsaq Suğalı bu mərhələnin oyunlarında bizə kömək edə bilməyəcəklər. Xətai Bağırov isə cəzalı olduğuna görə, “Uraqan”la dueldə meydana çıxmayacaq. Bu itkilərə rəğmən, əsas rəqibimizlə görüşdə qələbə qazanmalıyıq”.
Oyunçu rəqiblərdən ancaq Ukrayna çempionu haqqında məlumata sahib olduğunu bildirib: “Hələ ki, birinci oyunda qarşılaşacağımız “Uraqan”ın oyununu izləmişik. Hazırda Ukrayna çempionatı davam edir və onlar ikinci pillədə qərarlaşıblar. Fiziki cəhətdən hazırlıqlı komandadır. Əsas üstünlükləri də budur. Baş məşqçi rəqibə qarşı necə oynamalı olduğumuzu məşqlərdə deyib. Oyunöncəsi bir daha videobaxış olacaq və son tapşırıqları alacağıq. Komanda yaxşı vəziyyətdədir. İlk mərhələdən fərqli olaraq daha bir braziliyalı legionerlə heyətimizi gücləndirmişik. Yenə deyirəm, əhval-ruhiyyə də yüksəkdir. Qalır meydana çıxmaq və sona qədər “vuruşmaq”. Bunun öhdəsindən gələcəyimizə şübhə etmirəm. Rəhbərlik də komandanın uğur qazanması üçün dəstəyini əsirgəməyir. Elə nəticə qazanmalıyıq ki, Bakıya dönəndə hava limanında bizdən hesabı soruşanlara gülərüzlə cavab verək. Həm də reytinq baxımından qazanılacaq müsbət nəticə vacibdir".
B yolunda yer alan komanda "Uraqan İvano-Frankovsk" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq. Azərbaycan təmsilçisi ilk görüşünü oktyabrın 28-də "Uraqan"a qarşı keçirəcək.