Azərbaycanın veteran futbolçuları "Vorskla"nın baş məşqçisi ilə görüşüblər
- 24 oktyabr, 2018
- 14:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 oktyabr. REPORT.AZ/ Ukraynanın "Vorskla" klubu "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl Bakı Olimpiya Stadionunda məşqə çıxıb.
"Report" xəbər verir ki, məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Hazırlığın əvvəlində Azərbaycanın veteran futbolçuları Tərlan Əhmədov, Cahangir Həsənzadə və Fərrux İsmayılov vaxtı ilə Ukraynanın "Volın" komandasında birgə çıxış etdikləri hazırda isə "Vorskla"nın baş məşqçi olan Vasili Saçko ilə görüşüblər.
Onlar qısa zaman ərzində söhbət ediblər. Daha sonra Tərlan Əhmədov və Fərrux İsmayılov Ukrayna tərəfindən Avropa Liqasının yayımçısı olan "Futbol 1" və "Futbol 2" telekanallarına müsahibə veriblər. Onlar bildiriblər ki, Saçka ilə vaxtilə birlikdə oynamalarına baxmayaraq, "Qarabağ"a azarkeşlik edəcəklər. Rəqibə "Qarabağ"ın üstün və mənfi cəhətləri barədə məlumat verməyiblər.
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq.