"Zirə"nin legioneri: "Bakını tənqid edənlər şəhəri görəndən sonra fikirlərindən daşınacaqlar"

"Zirə"nin legioneri: "Bakını tənqid edənlər şəhəri görəndən sonra fikirlərindən daşınacaqlar" Azərbaycan Premyer Liqasında çıxış edən fransalı legionerlər ölkə futbolu haqqında fikirlərini bölüşüblər.
Futbol
29 May , 2019 13:06
Zirənin legioneri: Bakını tənqid edənlər şəhəri görəndən sonra fikirlərindən daşınacaqlar

Azərbaycan Premyer Liqasında çıxış edən fransalı legionerlər ölkə futbolu haqqında fikirlərini bölüşüblər.

"Report" xəbər verir ki, "Zirə"də çıxış edən Bilal Həmdi, "Neftçi"dən Baqali Dabo, son mövsümdə "Qəbələ"nin formasını geyinmiş Stiven Monroz "France Football"a açıqlamalarında Azərbaycan haqqında da danışıblar.

Həmdi Kiprdə yaşadığı təcrübədən sonra Azərbaycanda çıxış etmək təklifi aldığını vurğulayıb. 28 yaşlı yarımmüdafiəçi ölkədə futbolun peşəkar səviyyədə olduğunu deyib. Oyunçu bildirib ki, yeganə çatışmazlıq Premyer Liqada komanda sayının azlığıdır: "Əsas liqada 8 komanda var. Mövsüm ərzində eyni rəqiblə 4 dəfə oynayırsan. Bütün ölkənin futbolçuları paytaxt Bakıda yaşayırlar. Oyunçuların da səviyyəsidə pis deyil. Əslində istəklərindən imtina etməyən oyunçulardır. Texnika baxımından Avropa səviyyəsində olmaya bilərlər. Futbolçular heç vaxt qaçmağı dayandırmırlar. Azərbaycan çempionatında çox da qol olmur, amma maraqlıdır. Stadionlarda ot örtüyünün səviyyəsi Fransa Liqa 2-dən yaxşıdır. Özüm Liqa 2-də çıxış etmişəm. Ot örtüyü qışda fəlakətli idi. Kiprdə də olmuşam və oradada peşəkar klub azdır. Buradan tamam fərqlidir. Azərbaycanda yaxşı mənada təəccübləndim. Burada iki masajçımız, həkimlərimiz və hər şey var. Mənə yaxşı mənada təəccüblənəcəyimi söyləmişdilər və belə də oldu. Klubum Liqa 2-də çıxış edənlərdən daha peşəkardır, daha çox strukturlaşdırılıb. Əmək haqqıma gəldikdə isə vergiləri klub ödəyir. Bu, pis deyil. Azərbaycan orta əmək haqqı 300 avro (600 manat) civarındadır. Burada çox rahat yaşayırıq. Təxminən Liqa 2-dəki qədər maaş alırıq. Futbol üçün pul var. Heç bir klubda isə maaş gecikməsi yoxdur. Hər şey tənzimlənir".

Fransalı oyunçu Bakıda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək Avropa Liqasının final matçı barədə də danışıb: "Bu oyun üçün artıq hər şey hazırdır. Bundan əlavə, İngiltərənin iki komandası möhtəşəm stadionda oynayacaq. Bildiyimə görə, bu matç ətrafında bir sıra tənqidlər var. Lakin şəhəri görəndən sonra fikirlərindən daşınacaqlar. Burada "Formula 1" üzrə Azərbaycan Qran-prisi də keçirilir. Yeganə problem ölkənin uzaq olmasıdır. Azərbaycana gəlmədən öncə sevdiklərim üçün yaşam səviyyəsini öyrəndim. Bakı gözəl şəhərdir və çox inkişaf edib. Bu, həyatın rahatlığıdır. Ailəm üçün isə kiçik fransız cəmiyyəti, fransız və ingilis məktəbləri var. İnsanlar isə açıq fikirlidirlər. Uşaqlarımın təhsili üçün bura möhtəşəm yerdir. Təhlükəsizlik yaxşıdır və bu barədə problem yoxdur".

"Neftçi"nin hücumçusu Baqali Dabo isə ölkə futbolçu barədə maraqlı açıqlama verib: "Azərbaycanda futbol? Bu, futbola bənzərdir (gülür). Həqiqətən də stadionların dolduğu bəzi oyunlar olur. Qalanlarına isə bir qədər az tamaşaçı gəlir. Bu, əsasən, komandalardan asılı olur. Səviyyəyə gəldikdə, Fransada Liqa 1-dən Milli Liqayadək 3 çempionatın qarışığıdır. Mənim üçün hər şey yaxşı gedir. Hər il Avropa klublarına yollanmaq imkanım olur. Fransada komandaların çoxu Avropa kuboklarına vəsiqə qazanmaqda çətinlik çəkir. Bizdə isə problem budur ki, mübarizəyə I təsnifat mərhələsindən başlayacağıq. Qaldı ki, Premyer Liqada hər mövsüm titul uğrunda mübarizə aparıram. Yəni, bu, yaxşı haldır. Əmək haqqından isə şikayətlənə bilmərik (gülür)".

Son mövsümü "Qəbələ"də çıxış etmiş Stiven Monroz isə deyib ki, ona müqavilə təklif ediləndə, ailəsinin təhlükəsizliyi üçün ölkənin necə olduğunu öncədən araşdırıb. Təhlükəsizlik səviyyəsi məni yaxşı mənada təəccübləndirdi. İki il ərzində heç bir problem görməmişəm. Burada bütün dinlərə hörmət edilir və bu, həqiqətən yaxşıdır. Bakı isə çox gözəl şəhərdir. Onlar tam inkişafdadırlar. Qətərdə olduğu kimi, binalar inşa etdirməyə çalışırlar. Futbol Qərbi Avropadan fərqlənir. Səviyyə bir az aşağıdır. İkinci liqada (I Divizion) çıxış edən komandalar peşəkar deyil və maddi dəstəyə ehtiyacları var. Liqada komanda sayını artırmaq istəyirlər. Azərbaycan insanların futbolu çox izləmədikləri bir ölkədir. "Qarabağ" və "Neftçi"nin isə yetərincə azarkeşi var".

Monroz Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyinə təəccübləndiyini də söyləyib. Amma onun fikrincə, insanlar tribunaları dolduracaqlar: "Bakıda hər yerdə afişalar asılıb, Azərbaycan isə futbolu inkişaf edən ölkədir. Avropa Liqasında hətta, Çempionlar Liqasının qrup mərhələsində çıxış edən "Qarabağ" var. Mən bu ölkəyə gələndə iki fransalıdan biri idim. İndi isə 8-9 nəfərik. Əvvəllər orada süni ot örtüyü olan arenalar çox idi. İndi isə təbii örtüyə üstünlük verməyə başlayıblar.Eyni komandalarla çox qarşılaşmaq bir az sıxıcıdır. Lakin "Qarabağ"la oyunlarda motvasiyalı oluruq. "Qarabağ" kimi komandalarda çıxış edən legionerlər illik 400-600 min avro qazanır. Bu isə Fransada Liqa 2-də görə bilmədiyimiz maaşdır. Maykl Essyen bir müddət öncə "Səbail" komandasına qoşulub. Onun keçidindən çox yazıldı, amma hələlik o qədər də oynamır. Düşünürəm ki, o, hələ fiziki cəhətdən tam hazır deyil. Hər kəs onun oynayacağını gözləyirdi".

Son xəbərlər

Orphus sistemi