Azərbaycan, yoxsa Albaniya millisi: De Byazi haqlıdırmı?

Azərbaycan, yoxsa Albaniya millisi: De Byazi haqlıdırmı? "Bunlar yalnız motivasiya üçün deyilmiş sözlər deyil. Burada dəqiqləşdirilməli olan bir məqam var"
Futbol
7 Dekabr , 2020 00:22
Azərbaycan, yoxsa Albaniya millisi: De Byazi haqlıdırmı?
Canni De Byazi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Albaniya yığması barədə səsləndirdiyi fikirlərlə diqqət çəkib.

İtaliyalı mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun Lüksemburqla oyunu öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib ki, hazırda başçılıq etdiyi milli 2016-cı ildə Avropa çempionatının final məhələsinə çıxardığı komandadan daha yaxşıdır. 63 yaşlı baş məşqçinin sözləri hətta Albaniyada da geniş müzakirə olunub. Yerli mətbuatın yazdığına görə, azarkeşlər De Byazinin fikirlərini narazılıqla qarşılayıblar.

Görəsən, təcrübəli mütəxəssis bunu yalnız futbolçularına motivasiya vermək üçün dilə gətirib, yoxsa həqiqətən belədir? Bununla bağlı "Report" araşdırma aparıb.

Vaqif Sadıqov: "Yeganə yığmayıq ki..."

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov hesab edir ki, De Byazi aparılan işlərin nəticəsi olaraq bu fikri səsləndirib: “Onun qarşısına qoyulan məqsədlər baxımından az müddətdə xeyli iş görülüb. Millətlər Liqası bu mütəxəssis üçün Azərbaycan futbolunun tam potensialı ilə tanış olmaq vəzifəsi daşıyırdı. Məqsəd milli komanda səviyyəsində olan oyunçuları və onun ən yaxın ehtiyat qüvvəsini müəyyənləşdirmək idi. Baş məşqçi ilk növbədə buna nail oldu. Bundan sonra həm indiki futbolçulara, həm də müasir futbolda gedən inkişaf tendensiyasına uyğun oyun modelini qurmağa başladı. Ayrı-ayrı matçlarda fərqli oyun üslublarının şahidi olduq. Oyun ərzində bəzi taktiki gedişləri dəyişirdi. De Byazi gəldiyi gündən daim axtarışda idi. Digər məsələ təbii ki, nəticədir. O, iki paralel amili birləşdirib nəticə əldə etmək istəyirdi. Baş məşqçi sadaladıqlarıma əsasən bu sözləri deyib”.

AFFA Məşqçilər Komitəsinə də başçılıq edən Sadıqov sadalanan proseslərin koronavirus pandemiyasının davam etdiyi çətin dövrdə getdiyini xatırladıb: “Nəzərə alaq ki, bir müddət öncə bütün dünyada futbol dayanmışdı, insanlar futbolsuz qalmışdı. Buna rəğmən, prosesə start verildi. De Byazi oyunçuları izləyib yığmaya çağırmaq imkanı qazandı. Səfərə çıxmazdan öncə geniş tərkibdə görüş oldu. Orada bütün yığmaların məşqçiləri, Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak etdi. İclasda xeyli məsələ müzakirə olundu. Hamımız bildirdik ki, futbolçularda inam psixologiyasını qaytarmaq çox vacibdir. Toplantıda neçə ildir Avropada uğurla çıxış edən “Qarabağ” nümunə göstərildi. Bu komanda bizim futbol oynamağı bacardığımızı illərdir beynəlxalq arenada sübut edir. Bundan irəli gələrək, inam psixologiyasını bərpa etmək və yaxşı komanda formalaşdırmaq olar. Baş məşqçi də oyunlarda məhz bu amilə fikir verir, komandaya qalibiyyət ruhu aşılamağa çalışırdı. Bunun nə dərəcədə alınıb-alınmaması tamamilə ayrı mövzudur. Bir şeyi başa düşməliyik ki, az müddətdə bütün amilləri birləşdirmək asan iş deyil. Bir tərəfdən, yığmaya yeni nəsil dəvət olunur. Sevindiricidir ki, gənclər yığmasının üzvləri bu gün əsas futbolçulara çevriliblər. Bu, gələcəyə nikbin baxmağa imkan verir. Bəlkə də yeganə yığmayıq ki, Millətlər Liqasında yalnız ölkə çempionatında oynayan futbolçularla mübarizə apardıq. Digər milli komandalarda isə Avropanın nəhəng klublarının futbolçuları yer alırdı. Buna baxmayaraq, futbolçularımız rəqibdən çəkinmirdilər. Hesab edirəm ki, bu matçlar De Byazinin komanda ilə yaxından tanış olmasına və bu fikirləri səsləndirməsinə imkan yaratdı. Biz gələcəkdə ulduz futbolçuların deyil, güclü komandanın şahidi ola bilərik”.

Ansi Aqolli: "De Byazi haqlıdır"

De Byazinin fikirlərinə Albaniya millisinin sabiq kapitanı Ansi Aqolli də münasibət bildirib. Hazırda ABŞ-ın “Nyu-York Kosmos” klubunda çıxış edən 38 yaşlı müdafiəçi keçmiş baş məşqçisinin haqlı olduğunu söyləyib: “2016-cı ildə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış Albaniya millisi ilə bağlı həqiqət ondan ibarətdir ki, həmin komandada doğrudan da adlı-sanlı futbolçular, səs-küylü adlar yox idi. De Byazi bu məsələdə haqlıdır. Düzdür, oyunçularımız böyük çempionatlarda çıxış etmirdilər, amma həmin liqaların səviyyələri yaxşı idi. Həmçinin onlar daim oynayır və formada olurdular. Digər tərəfdən, o vaxtkı yğmada bayrağımız, ölkəmiz üçün meydanda özünü fəda etməyə hazır olan oyunçular var idi. Biz himnimizi uca səslə oxuyur, adət-ənənələrimizi nümayiş etdirməkdən qürur duyuruq. Ən əsası isə bizdə birlik var idi. Uğurumuzun əsas sirri budur”.

“Qarabağ”da 2012 - 2019-cu illərdə çıxış etmiş Aqolli Azərbaycan millisində keyfiyyətli futbolçuların olduğunu etiraf edib: “Bunu əvvəl demişəm, indi də sözümün üstündə dururam. Amma hansı yığmanın oyunçularının daha yaxşı olduğunu bilmirəm (gülür - E.S.). Yuxarıda sadaladığım amillər olmadan hansısa böyük yarışda heç bir uğur qazanıla bilməz”.

Təcrübəli oyunçu 7-8 il əvvəlki Azərbaycan millisi ilə indikini müqayisə etməyin çətin olduğunu deyib: “Yığmanız bəzi oyunlarda pis, bəzilərində isə yaxşı təsir bağışladı. Məsələn, Kiprlə qarşılaşma əla alındı. Həmçinin komanda iki ev oyununu səfərdə keçirməli oldu. Ona görə də indi bu müqayisə mümkünsüzdür”.

Canni De Byazi: "Fikirlərimdə qalıram"

Millimizin baş məşqçisi isə isə "Report"a açıqlamasında fikirlərinin düzgün başa düşülmədiyini bildirib. De Byazinin sözlərinə görə, bunlar yalnız motivasiya üçün deyilməyib: "Burada dəqiqləşdirilməli olan bir məqam var. Fikrim belə idi ki, hazırda Azərbaycan yığması Albaniya millisini qəbul etdiyim vaxtdakı komandadan daha yaxşıdır. Söhbət 2016-cı ildəki kollektivdən getmir. İşə başladığım ilk vaxtlarda Albaniya seçməsi daha zəif idi. Amma biz o komandanı inkişaf etdirib Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıq. Azərbaycan millisinə gəlincə, təbii ki, qarşıdakı müddətdə inkişafın necə olacağını indidən demək çətindir. Bəzi nüanslarda irəliləmələr, bəzilərində isə axsamalar ola bilər. Amma yenə də sözlərimdə qalıram ki, hazırkı yığma o vaxt qəbul etdiyim Albaniya millisindən daha güclüdür".

Son xəbərlər

Orphus sistemi