Azərbaycan tarixində ilk: Avropa çempionatının final oyunu stadiondan şərh ediləcək - EKSKLÜZİV

Azərbaycan tarixində ilk: Avropa çempionatının final oyunu stadiondan şərh ediləcək - EKSKLÜZİV Azərbaycan tarixində ilk dəfə futbol üzrə Avropa çempionatının final oyunu stadiondan şərh ediləcək.
Futbol
12 İyun , 2024 15:27
Azərbaycan tarixində ilk: Avropa çempionatının final oyunu stadiondan şərh ediləcək - EKSKLÜZİV

Azərbaycan tarixində ilk dəfə futbol üzrə Avropa çempionatının final oyunu stadiondan şərh ediləcək.

Bu barədə "Report"a açıqlamasında İctimai Televiziyanın (İTV) İdman Departamentinin rəhbəri Kənan Hakimov bildirib.

O, iyulun 14-də baş tutacaq həlledici matça xüsusi hazırlaşdıqlarını bildirib: "Çəkiliş qrupumuz bu görüşə yollanacaq. Tural Dadaşov qarşılaşmanı Almaniyanın paytaxtı Berlindəki Olimpiya Stadionundan şərh edəcək. Mən və Elnur Əliyev finaldan əvvəl canlı bağlantılar həyata keçirəcəyik. Planlarımız çoxdur. Həmin ab-havanı tamaşaçılara çatdırmağa çalışacağıq".

K.Hakimov iyunun 14-dən iyulun 14-dək keçiriləcək bütün oyunların İTV vasitəsi ilə canlı yayımlanacağını diqqətə çatdırıb: "Eyni vaxtda olan matçlardan birini "CBC Sport" göstərəcək. Seçim imkanı isə bizdə olacaq. Telekanalımızın yutub kanalında isə bütün matçlar canlı təqdim ediləcək. Ölkə ərazisində eksklüziv yayım hüququna malikik. Hər matçda vurulan qollar, bütün oyunların icmalları dərhal yerləşdiriləcək. Kimsə matçı izləmək şansını əldə versə, tam oyuna da yutubda baxa bilər. Bundan əlavə, ən maraqlı qarşılaşmalar İTV-nin radio efirində də səsləndiriləcək. Sükan arxasında olanları da unutmamışıq. Ən azından şərhçiləri dinləyə biləcəklər".

İTV rəsmisi qrup mərhələsi oyunları zamanı iki çəkiliş qruplarının Almaniyada olacağını diqqətə çatdırıb: "Canlı bağlantılar, reportajlar, müsahibələr təqdim edəcəyik. Hazırda Almaniyadayam. "Bol Futbol"un turnir üçün ilk efirində millimizin sabiq almaniyalı baş məşqçisi Berti Foqtsun müsahibəsi yayımlanacaq. Almaniya yığması sonuncu Avropa çempionluğunu məhz bu mütəxəssisin rəhbərliyi altında qazanıb. Meydan sahibləri ilk matçda Şotlandiya ilə üz-üzə gələcək. B.Foqts Şotlandıya yığmasında da işləyib. Həmin ölkənin futboluna da yaxından bələddir. Almaniyanı son Avropa çempionluğuna daşıyan kapitan Yurgen Klinsmann, Türkiyə yığmasının sabiq baş məşqçisi Ştefan Kuntsla da müsahibəmiz olacaq. Ölkəmizdə kifayət qədər azarkeşi olan komandaların düşərgələrindən xüsusi reportajlar da hazırlayacağıq. Türkiyə yığmasının üzvlərindən müsahibələr almağa çalışacağıq. Təbii ki, ölkəmizdə ən böyük azarkeş kütləsi məhz bu yığmanındır. Oyunlardan əvvəl canlı bağlantılar, matçlardan sonra xüsusi reportajlar nəzərdə tutulub".

İdman Departamentinin rəhbəri AVRO-2024-də öz şərhçilərinin iş başında olacağını vurğulayıb: "Dünya və Avropa çempionatları zamanı daha əvvəl efirimizdə olan şərhçilər də bizimlə olacaqlar".

Son xəbərlər

Orphus sistemi