Azərbaycan Premyer Liqası: "Qəbələ" "Keşlə"yə, "Zirə" "Sabah"a qarşı

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Keşlə"yə, "Zirə" "Sabah"a qarşı Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçiriləcək
Futbol
14 Fevral , 2021 07:30
Azərbaycan Premyer Liqası: Qəbələ Keşləyə, Zirə Sabaha qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, günün ilk matçı Qəbələdə olacaq. Şəhərin eyniadlı komandası "Keşlə"ni qəbul edəcək. Hazırda Əyalət təmsilçisi 15 xalla 5-ci, paytaxt klubu 13 xalla 7-ci yerdə gedir.

Komandalar indiyədək çempionatda 49 dəfə üz-üzə gəliblər. 13 dəfə "Qəbələ", 18 dəfə "Keşlə" 3 xal əldə edib. 18 oyunda heç-heçə qeydə alınıb. Topların fərqində də paytaxt təmsilçisi üstündür - 65:48. "Qəbələ" son 5 matçda qalib gələ bilməyib. “Keşlə” isə səfərdə 6 oyundur uduzmur.

Digər tərəfdən, Sənan Qurbanov "Keşlə"nin yeni baş məşqçisi kimi çempionatda debüt oyununu məhz keçmiş komandası "Qəbələ"yə qarşı keçirəcək. O, 2019/2020 mövsümünün III turunda evdə elə "Keşlə" klubuna 0:4 hesabı ilə uduzduqları görüşdən sonra əyalət komandasından istefa vermişdi. 2019-cu il 31 avqusta təsadüf etmiş görüşdən sonra Qurbanov işsiz idi. 40 yaşlı mütəxəssis "Keşlə"yə yanvarın 25-də baş məşqçi təyin olunub.

Tura "Zirə" - "Sabah" qarşılaşması ilə yekun vurulacaq. Hazırda "qartallar" 23 xalla 3-cü, masazırlılar isə 13 xalla 8-ci pillədə qərarlaşıb.

Rəqiblər Premyer Liqada 10-cu dəfə qarşılaşacaqlar. Əvvəlki 9 duelin 3-də "Zirə", 4-də isə "Sabah" qələbə qazanıb. Topların fərqində isə "Sabah"ın minimal hesablı üstünlüyü var - 11:10. "Zirə" son 6 matçda yalnız 1 dəfə uduzub. Zirədəki oyunların hamısında eyni sayda – 2 qol vurulub.

Azərbaycan Premyer Liqası, XV tur

14 fevral (bazar)

15:00. “Qəbələ” – “Keşlə"

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Qəbələ şəhər stadionu.

17:00. “Zirə” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Rauf Allahverdiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun ilk oyun günündə "Sumqayıt" evdə "Səbail"i 3:0, "Neftçi" səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə yenib.

Son xəbərlər

Orphus sistemi