Futbol üzrə Azərbaycan Premyer Liqasının bütün medalçıları müəyyənləşib.
"Report" xəbər verir ki, bu, XXVII turun "Qarabağ" - "Səbail" və "Qəbələ" - "Neftçi" matçlarının yekununda məlum olub.
Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada "Səbail"ə 3:0 hesabı ilə qalib gələrək, ardıcıl 6-cı, ümumilikdə 7-ci çempionluğunu rəsmiləşdirib. Hesabı 21-ci dəqiqədə künc zərbəsindən sonra Miçel açıb. 42-ci dəqiqədə Mahir Mədətov Araz Abdullayevin ötürməsindən sonra fərqi artırıb. 69-cu dəqiqədə Mədətov "Səbail"in qapıçısı Elxan Əhmədovun səhvindən yararlanıb. 87-ci dəqiqədə isə o, "het-trik" edərək, yekun nəticəni müəyyənləşdirib.
"Səbail" isə böyük hesablı məğlubiyyətə rəğmən, tarixində ilk dəfə 3-cü yeri tutub. Buna paralel matçda "Qəbələ"nin "Neftçi"yə 1:3 hesablı məğlubiyyəti səbəb olub. Qəbələ şəhər stadionundakı görüşdə hesabı 26-cı dəqiqədə Mamadu Mboc açıb. 71-ci dəqiqədə Baqali Dabo keçmiş komandasını məyus edərək, qollarının sayını 13-ə çatdırıb. 84-cü dəqiqədə Rauf Əliyev "Qəbələ"nin təsəlli qolunu vursa da, 90-cı dəqiqədə Dabo penaltidən yararlanaraq, qollarının sayını 14-ə çatdırıb və Mahir Mədətovla birgə şərikli lider olub.
Bu nəticələrdən sonra xallarını 63-ə çatdıran "Qarabağ" qızıl, 58 xala malik "Neftçi" gümüş, 41 xalı olan "Səbail" isə bürünc medalları təmin edib. 2019-2020 mövsümündə "Qarabağ" Çempionlar Liqasında, "Neftçi" və ilk dəfə "Səbail" komandaları Avropa Liqasında mübarizə aparacaqlar. Çempionatı 36 xalla 4-cü pillədə başa vuran "Qəbələ" isə Azərbaycan Kubokunun finalında "Sumqayıt"a uduzsa, avrokuboklardan kənarda qalacaq. Bu halda, "gənclik şəhəri" təmsilçisi tarixində ilk dəfə qitəmiqyaslı yarışlarda çıxış edəcək.
Azərbaycan Premyer Liqası
XXVII tur
5 may (bazar)
17:00. “Keşlə” – “Zirə” - 1:3
Qollar: Conatan Ayite, 45 (pen.) - Xulio Sezar Rodriges, 27; 47. Mfo Kqasvane, 51
Qırmızı vərəqə: Denis Silva, 28 ("Keşlə")
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”
İlk üç dövrə - 2:2, 1:0, 0:2
18:00. “Qəbələ” – “Neftçi” - 1:3
Qollar: Rauf Əliyev, 84 - Mamadu Mboc, 25. Baqali Dabo, 71; 90 (pen.)
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Qəbələ şəhər stadionu
İlk üç dövrə - 1:2, 3:1, 1:1
18:00. “Qarabağ” – “Səbail” - 4:0
Qollar: Miçel, 21. Mahir Mədətov, 42; 69; 87
Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi:
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk üç dövrə - 2:0, -:+, 2:1
***19:00
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun açılış oyunu keçirilib.
"Report"un məlumatına görə, "Keşlə" "ASK Arena"da "Zirə" komandasını qəbul edib.
Görüş "Zirə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 26-cı dəqiqədə açılıb. Xulio Sezar Rodriqez qonaqları hesabda önə çıxarıb. 28-ci dəqiqədə "Keşlə" komandası azlıqda qalıb. Denis Silva etdiyi kobudluğa görə qırmızı vərəqə alaraq meydandan qovulub. 45-ci dəqiqədə cərimə meydançası daxilində Cabir Əmirliyə qarşı qayda pozuntusuna görə İnqilab Məmmədov penalti təyin edib. Topa yaxınlaşan Conatan Ayite hesabı bərabərləşdirib -1:1
İkinci hissəyə sürətli başlayan "Zirə" hesabda önə keçib. 47-ci dəqiqədə Xulio Sezar Rodriqez qapıçıdan qayıdan topu tora qovuşduraraq dubl edib. 52-ci dəqiqədə Mfo Kqasvane qapıçı ilə təkbətək dueldən qalib ayrılaraq, hesab arasındakı fərqi 2 topa çatdırıb - 3:1.
Bu qələbə ilə xallarının sayını 28-ə çatdıran "Zirə" 1 oyun az keçirən "Sabah"ı qabaqlayaraq 5-ci sıraya yüksəlib. "Keşlə" isə topladığı 20 xal ilə sonuncu - 8-ci yerdə qərarlaşıb. Əgər "Sumqayıt" komandası bu gün "Sabah"la keçirəcəyi matçda 1 xal qazanarsa, sona 1 tur qalmış "Keşlə" kollektivinin Premyer Liqanı tərk edəcəyi dəqiqləşəcək.
Manaf Qasımbəyli






















