Azərbaycan Premyer Liqası: Qış fasiləsi 3 oyunla başa çatır

Azərbaycan Premyer Liqası: Qış fasiləsi 3 oyunla başa çatır Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.
Futbol
21 Yanvar , 2021 07:30
Azərbaycan Premyer Liqası: Qış fasiləsi 3 oyunla başa çatır

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.

"Report"un məlumatına görə, 27 günlük fasiləyə XIV turun ilk günündə oynanılacaq 3 qarşılaşma ilə son qoyulacaq.

Günün ilk matçları Bayıl və Zirədə baş tutacaq. 24 xalla çempionatın lideri olan "Neftçi" "ASCO Arena"da 13 xalla 6-cı pillədə qərarlaşmış "Səbail"lə üz-üzə gələcək. Görüşü Vətən müharibəsindən qayıdan gənc referi Kamal Umudlu idarə edəcək.

Premyer Liqada indiyədək 12 dəfə rəqib olmuş komandaların duelində flaqman 7, "dənizçilər" 2 qələbə qazanıblar. Üç görüş heç-heçə yekunlaşıb. Topların fərqi də "ağ-qaralar"ın xeyrinədir - 23-9. "Neftçi" son 5 matçda uduzmayıb. "Səbail" son 4 ev oyununda qələbə qazanmayıb.

Eyni saatda - 16:00-da start götürəcək digər oyunda "Zirə" "Qəbələ"ni qəbul edəcək. Hazırda "qartallar" 20 xalla 3-cü, "qırmızı-qaralar" isə 15 xalla 5-ci sırada yer alıb. Komandalar bunadək ölkə çempionatında 20 dəfə üz-üzə gəliblər. Bu matçların 7-də qonaqlar, 4-də isə meydan sahibləri 3 xala seviniblər. 9 qarşılaşmada qalib müəyyənləşməyib. Əyalət təmsilçisinin 25 qoluna qəsəbə klubu 17 topla cavab verib. “Zirə” son 7 oyunda qələbə qazanmayıb. “Qəbələ” ardıcıl 6 qarşılaşmada meydanı qolsuz tərk etməyib.

Günün son oyunu isə Masazırda gerçəkləşəcək. Rəqiblərindən 1 oyun az keçirən və 23 xalla 2-ci pillədə qərarlaşan "Qarabağ" 13 xalla sonuncu olan "Sabah"ın qonağı olacaq. Bu, komandaların çempionatda 9-cu qarşılaşması olacaq. Bugünədək baş tutmuş 8 oyunun heç birində Masazır təmsilçisi qələbə qazana bilməyib. Ağdam klubu isə 5 dəfə rəqibini məğlub edib. 3 oyun isə bərabərliklə başa çatıb. Bu matçlarda meydan sahibləri 2, qonaqlar isə 12 dəfə fərqləniblər. "Sabah" son 5 matçda qol vurmayıb.

Azərbaycan Premyer Liqası

XIV tur

21 yanvar (cümə axşamı)

16:00. “Zirə” – “Qəbələ”

Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu

16:00. “Səbail” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”

18:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”

22 yanvar (cümə)

16:00. “Keşlə” – “Sumqayıt”
“ASK Arena”.

Qeyd edək ki, XIV tura dekabrın 22-də keçiriləcək "Sumqayıt" - "Keşlə" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi