Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə, "Keşlə" "Zirə"yə qarşı

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə, "Keşlə" "Zirə"yə qarşı Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 görüşü keçiriləcək.
Futbol
22 Noyabr , 2020 07:30
Azərbaycan Premyer Liqası: Neftçi Qəbələyə, Keşlə Zirəyə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 görüşü keçiriləcək.

"Report"un məlumatına görə, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Neftçi" arasında olacaq. Flaqman yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında ilk oyununa çıxacaq.

9 oyundan 14 xal toplayan "ağ-qaralar" 4-cü sırada qərarlaşıblar. Əyalət təmsilçisi isə 8 xalla 7-ci pillənin sahibidir. Komandalar indiyədək ölkə çempionatında 48 dəfə üz-üzə gəliblər. Paytaxt klubu bu görüşlərin 22-də qələbə qazandığı halda, "qırmızı-qaralar" 16 dəfə 3 xala seviniblər. 10 matçda isə heç-heçə qeydə alınıb. Vurulan qolların sayında da qonaqlar üstündür - 68:59. “Neftçi” ardıcıl 13 oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ” son üç ev qarşılaşmasında xal qazana bilməyib.

Günün digər matçı isə Zirədə baş tutacaq. 15 xalla 3-cü sırada olan eyniadlı qəsəbə təmsilçisi "Keşlə" ilə münasibətlərinə aydınlıq gətirəcək. Rəqibindən 3 xal geri qalan Yunis Hüseynovun başçılıq etdiyi kollektiv 5-ci pillədə yer alıb. Bunadək 20 dəfə qarşılaşmış komandaların duelində hər iki tərəf 6 qalibiyyət alıb. 8 oyun bərabərliklə nəticələnib. Meydan sahiblərinin 23 qoluna qonaqlar 24 topla cavab veriblər. Son 3 qarşılaşmada 4 və ya daha çox qol vurulub. “Zirə” evdə son iki matçda qalib gəlib.

22 noyabr (bazar)

Azərbaycan Premyer Liqası

X tur

14:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu.

16:00. “Zirə” – “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də "Sabah" - "Səbail" görüşü ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi