Azərbaycan Premyer Liqası: IV tur iki oyunla start götürür

Azərbaycan Premyer Liqası: IV tur iki oyunla start götürür Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. "Report"un məlumatına görə, açılış matçı əyalətdə baş tutacaq.
Futbol
18 Sentyabr , 2021 07:30
Azərbaycan Premyer Liqası: IV tur iki oyunla start götürür

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. "Report"un məlumatına görə, açılış matçı əyalətdə baş tutacaq.

Cari mövsümə uğurla başlayan hər iki komanda - "Qəbələ" və "Səbail" münasibətlərinə aydınlıq gətirəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq. İlk 3 turdan sonra 7 xala malik "qırmızı-qaralar" "Qarabağ"la birlikdə 1-2-ci yerləri bölüşdürür. "Dənizçilər" isə 6 xalla 3-cü pillədə qərarlaşıb.

İki kollektiv indiyədək ölkə çempionatında 15 dəfə üz-üzə gəlib. Bunların 6-da meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıblar, 5 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti də bölgə təmsilçisinin xeyrinədir - 24:16. “Səbail” son 5 oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ” isə evdə uduzmayıb.

Günün son matçında "Zirə" "Sabah"ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 19:15-də start götürəcək. Hazırda Rəşad Sadıqovun baş məşqçi olduğu komanda 4 xalla 6-cı sırada yer alır. Ramin Quliyevin rəhbərlik etdiyi kollektivin isə xalı yoxdur və sonuncu pillədə qərarlaşıb. Paytaxt təmsilçisi ilk 3 oyunda qol da vura bilməyib.

Bunadək Premyer Liqada baş tutmuş 11 matçın 3-də bugünkü meydan sahibləri, 5-də qonaqlar qalib gəlib. Topların nisbətində də "Sabah"ın üstünlüyü var - 15:13. "Zirə" son 3 oyunda meydanı qolsuz tərk etməyib. “Sabah” isə son iki səfər görüşünün hərəsində iki qol vurub.

Qeyd edək ki, Premyer Liqada IV turun digər 2 oyunu 19-20 sentyabrda gerçəkləşəcək. Bazar günü "Neftçi" - "Keşlə", bazar ertəsi isə "Qarabağ" - "Sumqayıt" matçları keçiriləcək.

Azərbaycan Premyer Liqası

IV tur

18 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu.

19:15. “Zirə” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu.

Son xəbərlər

Orphus sistemi