Azərbaycan paralimpiyaçısı: “Məqsədim bayrağımızı mötəbər yarışlarda yüksəltməkdir”

Azərbaycan paralimpiyaçısı: “Məqsədim bayrağımızı mötəbər yarışlarda yüksəltməkdir” Məqsədim Azərbaycan bayrağını mötəbər yarışlarda yüksəltməkdir.
Futbol
8 aprel 2025 16:24
Azərbaycan paralimpiyaçısı: “Məqsədim bayrağımızı mötəbər yarışlarda yüksəltməkdir”
Polad Rzayev

Məqsədim Azərbaycan bayrağını mötəbər yarışlarda yüksəltməkdir.

Bunu “Report”a açıqlamasında Azərbaycan paralimpiyaçısı Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində ilk reytinq xallarını qazanması haqqında danışarkən deyib.

İdmançı bunun ilk təcrübə olduğunu vurğulayıb:

“İlk növbədə mənə bu şəraiti yaratdığı üçün dövlətimizə və Milli Paralimpiya Komitəsinə təşəkkürümü bildirirəm. Beynəlxalq Paradağ xizəyi turnirində iştirak edərək xallar qazandım. İlk təcrübəm idi. Məşqlər etdim, səy göstərdim və şükürlər olsun ki, nəticə qazandım. Azərbaycana qayıtmışam və məşqləri dayanmadan davam etdirirəm. Yeni mövsümdə də xallar yığmaq üçün maksimum gücümlə çalışacağam. Təbii ki, idmançı olaraq əsas hədəfim Qış Paralimpiya Oyunlarında iştirak etməkdir. Məqsədim Azərbaycan bayrağını mötəbər yarışlarda yüksəltməkdir”.

O, qarşıdakı planlar barədə danışıb:

“Noyabrdan etibarən növbəti mövsümün yarışları başlayacaq. O vaxta qədər Azərbaycanda və ölkədən kənarda məşqlər davam edəcək. Yarışlara tam hazır vəziyyətdə yollanmaq üçün fiziki və texniki bacarıqlarımızı artıracağıq”.

Qeyd edək ki, P.Rzayev ötən həftə İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində həlledici mərhələni öz kateqoriyasında ikinci bitirib. Beynəlxalq Xizək və Snoubord Federasiyasının məlumatına əsasən, idmançının hazırda 725.55 reytinq xalı var.

Orphus sistemi