Yeni mövsümdə 16 klubun iştirakı planlaşdırılır.
Bunu “Report”a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov yeni mövsümlə bağlı danışarkən deyib.
Federasiya rəsmisi çempionata yeni komandaların qatıla biləcəyini istisna etməyib:
“Say baxımından dəyişiklik gözlənilmir. Əsasən ötən il oynayan komandalara üstünlük verəcəyik. Kim qatılmaq istəməsə, əvəzinə başqa komandalar nəzərdən keçiriləcək. Lakin hazırda çempionata qatılmamaqla bağlı bizə müraciət olmayıb. Çox güman, “Aznur”, “Zirə”, “Birbaşa” komandaları qalacaq. “Aznur”la “Birbaşa Bakı” Çempionlar Liqasında iştirak edəcəklər və buna hazırlıq görürlər. Amma rəsmi şəkildə müraciət edən yoxdur. Şifahi danışıqlarımız olub. Məsələn, “Sumqayıt” hazırlıqlara başlayıb. “Siyəzən” və “Gəncə”nin yenidən çempionata qatılmaq ehtimalı var”.
O.Hüseynov çempionatın formatında dəyişiklik gözlənilmədiyini söyləyib:
“Çempionata oktyabrın 3-də başlamaq, martda isə bitirmək istəyirik. Çünki millinin dünya çempionatına hazırlığı olacaq. Baş məşqçi Elşad Quliyev martdan etibarən hazırlıqlara başlamaq niyyətindədir. Çempionat davam edərkən millinin hazırlaşamsı çətin olur. Hər həftə oyunlar keçirilir, fasilə elə də çox deyil. Keçən il yarımfinallar aprelin sonunda bitdi. Yığma Monteneqroya təlim-məşq toplanışına yollandı. Azərbaycana qayıtdıqdan sonra futbolçular ölkə çempionatının finalında oynadı. Bu dəfə daha tez bitirmək istəyirik. Hesablamalarımıza görə çatdıra bilərik. 15 tur oynanılacaq. Yarımfinal və 1/4 final iki oyundan ibarət olacaq. Çempionat eyni formatda keçiriləcək”.
Qeyd edək ki, minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə oktyabrın 3-də start veriləcəyi rəsmən açıqlanıb.