Futbolçular maksimum nəyi bacarırlar, onu da edirlər.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.
45 yaşlı veteran futbolçu yığmanın son dönəmdəki çıxışını dəyərləndirib:
"Milli komanda haqqında çox danışmaq istəmirəm. Çünki perspektiv tam o deyil. Üç gün əvvəl Estoniyaya məğlub olduq. Heç nə dəyişməyəcək. Bu gün Slovakiyaya qalib gəlsək də, heç nə dəyişməyəcək".
O, yığmaya qarşıdakı oyunlarda uğurlar arzulayıb:
"Hər dəfə millinin qələbə qazandığı oyunlardan sonra xoş danışmağa başlayırıq. Uduzanda yaxşı fikirlər söyləmirik. Bu normaldır. Azərbaycan yığması hər kollektivə qarşı sabit oynaya bilməz. Çünki bu kollektivin potensialı o deyil. 15-20 ildir ki, bəzi seçmə mərhələlərdə bir az yaxşı oyun sərgiləyirik. Deyiləcək çox söz yoxdur. Oyunçuların potensialı budur. Bundan yaxşı ola bilərmi? Futbolçular maksimum nəyi bacarırlar, onu da edirlər. Komandaya növbəti qarşılaşmalarda uğurlar arzulayıram".
Qeyd edək ki, Azərbaycan millisi üç gün əvvəl səfərdə Estoniyaya uduzub - 1:3. Fernandu Santuşun baş məşqçisi olduğu komanda bu gün Slovakiya ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.