“Qarabağ”ın şansını yüksək qiymətləndirirəm.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda qarşılaşacağı “Elfsborq”la (İsveç) matçdan öncə şansları dəyərləndirərkən deyib.
Mütəxəssis Ağdam təmsilçisinin çox vacib oyuna çıxacağını deyib:
“Qarabağ”ın şansını yüksək qiymətləndirirəm. Çünki komanda dəfələrlə oxşar situasiyalarda azarkeşləri qələbə ilə sevindirib. Bu oyuna növbəti mərhələyə adlamaq üçün son şans kimi baxmaq lazımdır. Qazanılacaq 3 xal “Qarabağ”ın növbəti mərhələ şansını daha da artıracaq”.
O, “Qarabağ”ın müdafiə xəttindəki problemləri qabardıb:
“Komandanı çətin oyun gözləyir. Hava, meydan, həmçinin azarkeş amili “Qarabağ”ın əleyhinə işləyə bilər. Lehinə olan məqamlardan biri isə İsveç çempionatının başa çatmasıdır. Bundan başqa, “Qarabağ”ın daha oturuşmuş heyəti var. Komanda həmçinin yaradıcılıq baxımından hücum planında keyfiyyətli oyunçulara malikdir.Onlar rəqib qapısı qarşısında təhlükə yarada bilirlər. Düşünürəm ki, “Elfsborq”la oyunda “Qarabağ” rəqibini əks-hücumlarda yaxalayıb qol vura bilər. “Qarabağ”ın hazırkı problemlərindən biri də müdafiə xətti ilə bağlıdır. İki əsas oyunçunun olmaması sözünü deyə bilər. Onları kimin əvəzləyəcəyini məşqçilər korpusu bilir. Komandanın oyun üslubu var və bunu heç vaxt dəyişmir. Çalışırlar ki, oyuna daha çox nəzarət etsinlər və qısa ötürmələrlə rəqib müdafiəsini yarsınlar”.
A.Əsədov “Elfsborq”un atletik cəhətdən daha üstün olduğunu vurğulayıb:
“Elfsborq”un oyun üslubu “Qarabağ”ın bu mövsüm qarşılaşdığı İsveçin digər komandası “Malmö”dən fərqli ola bilər. Komandanın atletik cəhətdən daha çox üstünlüyü var. Bu mənada texniki baxımdan problemlər yaşaya bilərlər ki, “Qarabağ” bundan istifadə etmək imkanı qazanar. Digər İsveç komandası topla daha yaxşı oynayırdı. Ümid edək və inanaq ki, komanda səfərdən yaxşı nəticə ilə dönəcək”.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.