Azərbaycan millisinin sabiq məşqçisi: Bəzən Renat Dadaşov da hava ötürmələrinə görə etirazını bildirirdi

Azərbaycan millisinin sabiq məşqçisi: Bəzən Renat Dadaşov da hava ötürmələrinə görə etirazını bildirirdi İsveç məğlub edilə biləcək rəqib idi.
Futbol
6 sentyabr 2024 12:08
Azərbaycan millisinin sabiq məşqçisi: Bəzən Renat Dadaşov da hava ötürmələrinə görə etirazını bildirirdi
Arif Əsədov

Bəzən Renat Dadaşov da hava ötürmələrinə görə etirazını bildirirdi.

Bunu “Report”a açıqlamasında Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov Millətlər Liqasında İsveçlə oyunu dəyərləndirərkən deyib.

54 yaşlı mütəxəssis ötən tsikllə müqayisədə İsveç yığmasında elə də böyük dəyişikliklər olmadığını bildirib:

“Rəqib düşündüyümüz qədər güclü deyildi. Ötən tsikldəki komanda ilə müqayisədə, demək olar ki, heç bir dəyişiklik yox idi. Müdafiədə problemləri görünürdü. Sadəcə, bizimkilər qol vəziyyətlərindən istifadə edə bilmədilər. Qarşılaşmanın əvvəlində qol vursaydıq, penaltidən fərqlənsəydik, bəlkə də oyun başqa məcrada keçəcəkdi. Necə ki, keçən il başlanğıcda qol vurduq və sonda qələbə qazandıq. Eyni ssenari ilə bu dəfə də üzləşə bilərdik”.

O, Azərbaycan millisinin oyununu təhlil edib:

“Komandamızın oyunu müdafiədən və əks-hücumlar üzərində qurulmuşdu. Qol buraxdıqdan sonra açıldılar və daha çox hücum etməyə başladılar. Xüsusilə meydanın bizə aid olan hissəsində kompakt oynayıb, rəqibə ara ötürmələrdən istifadə etməyə imkan vermirdilər. Rəqib qapımızın yaxınlığında tez-tez səhvlər edirdi və dərhal topu ələ keçirirdik. Digər diqqət çəkən məqam komandamızın müdafiədən oyun qurarkən hava ötürməsindən istifadə etməsi idi. Bu, etibarlılıq baxımından yaxşı görünə bilər. Amma topu saxlamaq baxımından mənfi məqam idi. Çünki belə ötürmələrdən sonra topların 80-90 faizi itirilirdi. Bəzən Renat Dadaşov da hava ötürmələrinə görə etirazını bildirirdi. Hücum zamanı qol vəziyyətləri yaradırdıq, amma reallaşdırmaqda çətinlik çəkirdik. Təkbətək mübarizələrdə rəqibin ustalıq səviyyəsi özünü göstərirdi. Ümumilikdə xal qazanmaq istəyi görünürdü”.

Qeyd edək ki, C Liqasının I qrupunda keçirilən Azərbaycan - İsveç görüşü qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi