Azərbaycan millisinin sabiq üzvü: "İstəyirəm ki, Haiti və Belarus yığmalarına qarşı hücum futbolu oynayaq"

Azərbaycan millisinin sabiq üzvü: "İstəyirəm ki, Haiti və Belarus yığmalarına qarşı hücum futbolu oynayaq" İstəyirəm ki, millimizin oyunçuları Haiti və Belarus yığmalarına qarşı hücum futbolu sərgiləsinlər.
Futbol
22 mart 2025 13:46
Azərbaycan millisinin sabiq üzvü: İstəyirəm ki, Haiti və Belarus yığmalarına qarşı hücum futbolu oynayaq

İstəyirəm ki, millimiz Haiti və Belarus yığmalarına qarşı hücum futbolu sərgiləsin.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanov deyib.

48 yaşlı mütəxəssis yığmanın bu gün Haiti ilə keçirəcəyi yoldaşlıq oyununu dəyərləndirib:

"Yoldaşlıq görüşləri də olsa, qələbə qazanmalıyıq. İstənilən halda, qalibiyyət futbolçulara əlavə ruh yüksəkliyi verəcək. Nəzərə alaq ki, son qarşılaşmalar heç də ürəkaçan olmadı. Xüsusi ilə Millətlər Liqasında yığma yaxşı oyun göstərmədi. Birmənalı şəkildə hücum futbolu sərgiləməliyik. 6-7 oyunçu ilə müdafiədə qalmağın mənası yoxdur. Yığma məğlub olsa belə, mübarizə aparıb uduzmalıdır. Həqiqətən komanda yaxşı oyunayıb uduzanda tənqidlər də az olur. İnanıram ki, həm Haiti, həm də Belarus komandalarına qarşı məzmunlu oyun nümayiş etdirə biləcəyik".

O, Fernandu Santuşun I Liqada çıxış edən "Qəbələ"nin futbolçusu Şahin Şahniyarovu heyətə cəlb etməsinin müsbət hal olduğunu vurğulayıb:

"2005-ci ildə Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres belə bir addım atmışdı. O, həmin vaxt I Liqada çıxış edən Mahir Şükürovu heyətə cəlb etmişdi. Demək olar ki, Mahiri milliyə qazandıran Torres olmuşdu. Ona görə də millinin qapıları hər bir istedadlı futbolçunun üzünə açıq olmalıdır. Fernandu Santuşun da gənc oyunçuları, o cümlədən I Liqada çıxış edən futbolçunu heyətə dəvət etməsi yaxşı haldır. Lakin çox istəyərdim ki, həmin futbolçuları ad xatirinə yox, həqiqətən meydana buraxmaq üçün çağırsın. Heç olmasa, son 10-15 dəqiqədə şans qazansınlar və millidəki ab-havanı hiss etsinlər".

Qeyd edək ki, bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti görüşü saat 21:45-də başlayacaq. Komanda bundan 3 gün sonra "Bank Respublika Arena"da Belarusu sınağa çəkəcək.

Son xəbərlər

Orphus sistemi