Bakı. 16 noyabr. REPORT.AZ/ "UEFA Millətlər Liqası dərhal ləğv olunmalıdır".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts t-online.de saytındakı köşə yazısında qələmə alıb. Almaniyalı mütəxəssis bildirib ki, UEFA-nın ilk dəfə təşkil etdiyi yarış heç nəyə əsaslanmadan işlənilmiş rəqabətdir: "Əlavə turnirin oyunlarına hazırlıq zamanı baş məşqçilər dəyişiklikləri sınaqdan çıxarmaq və ya dəyişikliklər etmək üçün vaxt sərf ediblər. Necə ki, bundan ötrü hazırda Almaniya yığmasının baş məşqçisi Yoahim Löv çalışır".
Hazırda A Liqasının 1-ci qrupunda yer alan Bundestim 3 oyundan 1 xalla 3 komandalı qrupun sonuncusudur. 3 xala malik Hollandiya bu gün 7 xalı olan Fransaya öz meydanında qalib gəlsə, Lövün komandası noyabrın 19-da evdə "narıncılar"la nəzərdə tutulan oyunun nəticəsindən asılı olmayaraq, qrup sonuncusu kimi B Liqasına enəcək.
Lakin Foqts Almaniya yığmasının aşağı liqada oynamasında problem görmədiyini bildirib: "Əksinə, bu, üstünlük ola bilər. Çünki növbəti Millətlər Liqasında zəif komandalara qarşı oynayacaq və 2022-ci il dünya çempionatına daha az təzyiq altında hazırlaşacağıq".
Qeyd edək ki, Berti Foqts Azərbaycan millisində 2008 - 2014-cü illərdə baş məşqçi olub.