Azərbaycan millisinin müdafiəçisi: Santuş müdafiədən qısa ötürmələrlə çıxmağı, topla daha çox oynamağımızı istəyir - MÜSAHİBƏ

Azərbaycan millisinin müdafiəçisi: Santuş müdafiədən qısa ötürmələrlə çıxmağı, topla daha çox oynamağımızı istəyir - MÜSAHİBƏ Azərbaycan millisinin futbolçusu Şəhriyar Əliyev “Report”a müsahibə verib. 31 yaşlı müdafiəçi yığmamızın Millətlər Liqasında həm İsveç həm də Slovakiya ilə matçları barədə düşünclərini bölüşüb. O, həmçinin yeni baş məşqçi Fernandu Santuşun komandadakı işi
Futbol
10 Sentyabr , 2024 16:01
Azərbaycan millisinin müdafiəçisi: Santuş müdafiədən qısa ötürmələrlə çıxmağı, topla daha çox oynamağımızı istəyir - MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu Şəhriyar Əliyev “Report”a müsahibə verib. 31 yaşlı müdafiəçi yığmamızın Millətlər Liqasında həm İsveç (1:3), həm də Slovakiya (0:2) ilə keçirdiyi matçlar barədə düşüncələrini bölüşüb. O, həmçinin yeni baş məşqçi Fernandu Santuşun komandadakı işinə toxunub.

- Əvvəlcə İsveçlə oyun barədə fikirlərinizi bildirərdiniz…

- Evdə pis oynamadıq, sadəcə, qol şanslarımızı dəyərləndirə bilmədik. Əks halda oyun başqa cür olardı. Rəqibin heyətində usta futbolçular çoxdur. Elə ilk səhvimizdən sonra qol vurdular. Sonradan məcburiyyət qarşısında qalıb hücum edəndə, ikinci topu da buraxdıq. Evdə İsveçdən xal və ya xallar ala bilərdik. Amma məğlub olduq. Bu oyunları unudub qarşıdakı görüşlərə hazırlaşmalıyıq.

- Slovakiya ilə oyundan fərqli, komanda İsveçlə matça daha yaxşı başlamışdı. Sizi həvəsdən salan nə oldu?

- Həvəsdən düşdüyümüzü deməzdim. Rəqiblər böyük komandalardır. Səviyyə görünür. Xırda səhvi bağışlamırlar. İlk hissədə imkanlarımızdan istifadə etsəydik, bəlkə də oyun fərqli nəticə ilə yekunlaşardı. Ötənilki oyunda ilk hissədə vurduğumuz qollardan sonra İsveç özünə gələ bilmədi. Bunu bəxtsizliklə də əlaqələndirmək olmaz. Rəqibin qollarından sonra xal qazanmağa çətinlik çəkdik.

- İsveçin heyətində ötən ildən bəri elə də böyük dəyişiklik görünmürdü.

- Baş məşqçiləri yeni idi. Oyun sistemində dəyişiklik ola bilər. Qalib gəldiyimiz qarşılaşmada qol şanslarından maksimum istifadə etmişdik. Bu dəfə isə eyni durumla biz üzləşdik.

- Oyundan sonra əsas müzakirə mövzusu Ramil Şeydayevin Emin Mahmudovdan topu alıb penaltini dəqiq yerinə yetirə bilməməsi oldu. Sizin bu məsələ ilə bağlı fikirləriniz necədir? Zərbəni Emin vursaydı, daha yaxşı olmazdı?

- Klubda da belə hallar yaşanır. Həmin vəziyyətdə kim özünü yaxşı hiss edirsə, zərbəni də o yerinə yetirir. Baxmayaraq ki, penaltini kimin vuracağı oyundan əvvəl müəyyənləşdirilir. Kim özünə əmindirsə, o da irəli atılır. Oyundan sonra Eminin dediyinə görə, həmin vəziyyətdə Ramil topu istəyib, o da razılıq verib. Yəni, Emin də vursa belə, qol olub-olmayacağı dəqiq deyildi. Baş məşqçi oyundan sonra penlatini Eminə tapşırdığını demişdi. Düşünürəm ki, oyunöncəsi təlimatlarda nə deyilirsə, o olur. Futbolçunun özünəinamı da vacibdir.

- Slovakiya ilə oyunla bağlı narazılıq daha çoxdur. Nə baş verdi? Bəzi əsas oyunçuların ehtiyatda saxlanılması nəticəyə təsir göstərdi?

- İsveçlə oyundan sonra bərpa müddəti az idi. Uzaq yol getmişdik. Üstəlik, pasport yoxlamasında gecikmələr oldu, vaxt itkisi ilə üzləşdik. Həmçinin yorğunluq da var idi. Bunları bəhanə etmirəm. Təhlillərdən sonra bilirdik ki, ilk dəqiqələrdən çətin olacaq. Rəqib evdə oynayırdı, biletlər satılmışdı, dəstək olacağı gözlənilirdi. Buna baxmayaraq, ilk 15 dəqiqə ərzində təzyiq altından çıxmışdıq. Sadəcə, səhv buraxdıq və bu cür komandalar isə bunu bağışlamırlar. Baş məşqçi məsuliyyəti özü daşıdığını açıqlamışdı. Bizə də rahat oynamağımızı tapşırmışdı.

- Öz oyununuzu necə qiymətləndirirsiniz?

- Hesabda geridə olarkən meydana çıxanda, oyuna uyğunlaşmaq baxımından çətinlik yaşayırsan. Çünki rəqib rahat olur. Həmçinin oyunun tempi də yüksək idi. Əlimdən gələni etməyə çalışdım.

- Fernandu Santuşun işi ilə bağlı nə düşünürsünüz? Millimizin əvvəlki baş məşqçilərindən fərqi nədir?

- Futbolçuların özünəinamını yüksəltməyə çalışır. Həmişə onların arxasında olduğunu deyir. Bütün məsuliyyəti öz üzərinə götürür, səhv etməkdən qorxmamağımızı tapşırır.

- Portuqaliyalı mütəxəssis komandadan əsasən nə istəyir və oyun üslubunda, taktikada hansısa dəyişikliklər hiss olunurmu?

- Əsasən rahat olmağımızı, müdafiədən qısa ötürmələrlə çıxmağı, topla daha çox oynamağımızı istəyir. Hücum futboluna üstünlük verir. Oyunu necə başlamağımıza diqqət yetirir.

- Santuş Slovakiya ilə oyundan sonra keçirilən mətbuat konfransında verdiyi tapşırıqların yerinə yetirilməməsindən narazılıq etdi…

- Yeni oyun üslubunu komandaya gətirmək istəyir. Səhvlərimiz var, bunu təhlillər zamanı da görürdük. Lakin ilk matçdan sonra məğlubiyyəti unutmağımızı və qarşıdakı görüşə köklənməyimizi bildirmişdi.

- Qarşıdan Estoniya yığması ilə oyun gəlir. Nəyə ümid edə bilərik?

- Həmin vaxt yığmaya kimlərin dəvət olunacağını deyə bilmərəm. Futbolçuların zədəli olub-olmamasından da çox şey asılıdır. Ola bilər, mövsümün əvvəlidir deyə, futbolçuların bəziləri tam formada deyillər. Ümid edirəm ki, dəvət olunanlar milliyə hazır formada gələcəklər. Futbol elədir ki, bütün rəqiblərə qarşı oynamaq olur. Çalışacağıq Estoniya üzərində qələbə qazanaq. Həmçinin evdə Slovakiyadan da xal almaq mümkündür.

Son xəbərlər

Orphus sistemi