"Dünən Belçikaya gəldik, bu gün isə yoldaşlıq oyunu keçirdik".
"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Belçikaya 3:5 hesabı ilə uduzduqları yoldaşlıq matçı barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, bu, Avropa çempionatının final mərhələsinə hazırlıq baxımından sonuncu qarşılaşma idi: "Matça gələn ərəfədə heç də yaxşı xəbər almadıq. İki futzalçımızın COVID-19 testi pozitiv çıxdı. Əlbəttə, oyunöncəsi bu cür xəbərlə qarşılaşmaq istər-istəməz psixoloji gərginlik yaratdı. Həm də oyun planımız pozuldu, meydana tam heyətlə çıxa bilmədik".
Futzalçı oyunun startının uğursuz alındığını söyləyib: "Tam hazır olmadığımıza görə, həyəcan var idi. Bura hakimlərin qeyri-ədalətli qərarlarını da əlavə edək. Fineoya birbaşa qırmızı vərəqə verdilər ki, bu da düzgün qərar deyildi. Azlıqda qalmağımıza baxmayaraq, qol buraxmadıq".
Fərzəliyevin sözlərinə görə, iİkinci hissənin əvvəlində üstünlük komandasının tərəfində olub: "Oyunumuzu düzəldə bildik, amma hakim ədalətsizliyi yenə sözünü dedi. Bu dəfə də meydanda azlıqda qaldıq. Təkcə Belçikaya qarşı deyil, həm də hakimlərə qarşı mübarizə apardıq. Uduzsaq da, rəsmi oyunlar ərəfəsində bu matçın bizə köməyi çox oldu. Ümid edirəm ki, Avropa çempionatında daha yaxşı çıxış edəcəyik".