Futbol üzrə Azərbaycan milli komandasının Xorvatiyaya qarşı 2020-ci il Avropa çempionatının seçmə qrup oyunu və Litva ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.
"Report"un məlumatına görə, yeni baş məşqçi Nikola Yurçeviç qarşıdakı görüşlərə 23 futbolçu dəvət edib. Onlardan 5-i legionerdir. Xaricdə çıxış edən oyunçulardan uzun müddət sonra Eddi İsrafilov da yığmaya çağırılıb.
Yeni futbolçular isə Ömər Buludov, Əli Babayev və Aleksey İsayevdir. Yurçeviç "Qarabağ"ın 8, "Neftçi"nin 6, "Sumqayıt"ın 2, "Səbail" və "Sabah"ın 1 futbolçusunu milliyə dəvət edib. "Qəbələ", "Keşlə" və "Zirə"dən isə yığmaya heç bir oyunçu çağırılmayıb.
Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")
Müdafiəçilər: Maksim Medvedev ("Qarabağ"), Ömər Buludov ("Neftçi"), Bədavi Hüseynov ("Qarabağ"), Rahil Məmmədov ("Qarabağ"), Anton Krivotsyuk ("Neftçi"), Təmkin Xəlilzadə ("Sabah"), Şəhriyar Rəhimov ("Səbail")
Yarımmüdafiəçilər: Qara Qarayev ("Qarabağ"), Riçard Almeyda ("Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Əli Babayev ("Sumqayıt"), Aleksey İsayev ("Sumqayıt"), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Dmitri Nazarov ("Aue", Almaniya)
Hücumçular: Mahir Mədətov ("Qarabağ"), Araz Abdullayev ("Qarabağ"), Namik Ələskərov ("Neftçi"), Mirabdulla Abbasov ("Neftçi"), Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proysen Münster", Almaniya)
Milli komanda martın 16-da Bakıda təlim-məşq toplanışına başlayacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq. Həmin gün nahardan sonra Zaqrebə yollanacaq milli üzvləri Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlayacaq.
Qeyd edək ki, Xorvatiya ilə matç martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Martın 25-də "Bakcell Arena"da keçiriləcək yoldaşlıq görüşü isə saat 18:00-da start götürəcək.