UEFA Millətlər Liqasının III turunda səfərdə Estoniya ilə qarşılaşacaq Azərbaycan millisi daha əvvəl bu rəqiblə 10 dəfə üz-üzə gəlib və yalnız iki oyunda qalib gəlib.
"Report"un məlumatına görə, tərəflər arasında ilk matç 1996-cı ilə təsadüf edib.
Kiprin Larnaka şəhərində gerçəkləşən yoldaşlıq görüşü qolsuz yekunlaşıb. Bir il sonra estonlar iki yoldaşlıq matçında qalib gəliblər - 2:0, 1:0.
Yığmalar 1998-ci ildə də iki dəfə görüşüblər. Estoniyanın Vilyandı şəhərində təşkil olunan beynəlxalq turnirə təsadüf edən qarşılaşmada hesab açılmayıb. Gəncədə reallaşan yoldaşıq matçında isə millimiz rəqibini 2:1 hesabı ilə üstələyib.
1999-cu ildəki yoldaşlıq görüşündə qollu bərabərlik qeydə alınıb - 2:2.
Komandalar üç il sonra Estoniyanın Kuressaare şəhərindəki yoldaşlıq oyununda qolsuz heç-heçəyə razılaşıblar.
Ardınca yığmalar 11 ildən sonra yoldaşlıq matçında üz-üzə gəliblər. 2013-cü ildə Tallində baş tutan qarşılaşmada meydan sahibləri qələbə qazanıblar - 2:1.
Nəhayət, komandalar 2023-cü ildə Avropa çempionatının seçmə mərhələsində rəqib olublar. Bakıda heç-heçə (1:1) edən millimiz Tallində iki cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.