Azərbaycan millisinin baş məşqçisi: “Dünya çempionatında hədəfimiz qrupdan çıxmaqdır”

Azərbaycan millisinin baş məşqçisi: “Dünya çempionatında hədəfimiz qrupdan çıxmaqdır” Minifutbol üzrə dünya çempionatında hədəflərimiz təbii ki, qrupdan çıxmaqdır.
Futbol
1 Oktyabr , 2024 15:24
Azərbaycan millisinin baş məşqçisi: “Dünya çempionatında hədəfimiz qrupdan çıxmaqdır”

Dünya çempionatında hədəfimiz qrupdan çıxmaqdır.

Bunu “Report”a açıqlamasında Azərbaycanın minifutbol üzrə U-23 yığmasının baş məşqçisi Rəcəb Fərəczadə deyib.

Mütəxəssis mundialda Azərbaycanı layiqincə təmsil etməyə çalışacaqlarını söyləyib:

“Biz Azərbaycanı təmsil edirik. Maksimum şəkildə özümüzü yaxşı tərəfdən göstərməliyik. İndi uşaqların üzərinə çox getmirəm. Dişimiz-dırnağımızla mübarizə aparmalıyıq. Qrup mərhələsini adlasaq, sonrasına baxarıq”.

O, komandanın durumunu normal dəyərləndirib:

“Avqustun 1-dən məşqlərə başlamışıq. 60-a yaxın uşaq arasında seçim apardıq. Seçim o qədər də böyük olmadığı üçün 17 nəfər ancaq toplaya bildim. Onlardan 3-ü qapıçıdır. Fiziki, taktiki hazırlıqlar keçdik. 4 yoxlama matçında iştirak etdik. Ümumilkdə durum normaldır. Əsas odur ki, zədəlilər yoxdur”.

Keçmiş futzalçı rəqiblər haqqında heç bir məlumata malik olmadığını bildirib:

“Ən çox tərəddüd etdiyim məqam rəqiblərlə bağlı heç bir informasiyaya malik olmamağımızdır. Oyunlarını tapıb izləyə bilməmişəm. Yalnız Kolumbiya yığmasının 2021-ci ildə keçirilən dünya çempionatındakı oyunlarına baxmışam. Həmin vaxtdan bəri isə komandada mütləq dəyişikliklər olub. Kolumbiya son dünya çempionudur və onlarla eyni qrupda yer almışıq. İlk oyun mənim üçün çətin və sürpriz olacaq. Yalnız növbəti matçlarda rəqiblər barədə məlumat əldə edə biləcəyəm”.

R.Fərəczadə heyətdə təcrübəli futbolçuların azlığını qabardıb:

“Futbolçuların fiziki durumları pis deyil. Bəziləri futzaldan, böyük futboldan gəlib, bəziləri isə minifutbola yeni başlayıb. Sırf təcrübəli oyunçular 4 nəfərdir. Onlardan ikisi “Aznur”un - yəni mənim komandamın üzvləridir. Digər iki nəfər də “Sumqayıt”ın futbolçusudu. Oktyabrın 5-də səhər Xorvatiyaya uçacağıq. Ayın 6-da bir məşq keçəcəyik, 7-də isə turnirdə ilk oyunumuza çıxacağıq”.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 7-dən 10-dək Xorvatiyanın Malıy Loşin şəhərində keçiriləcək. Azərbaycan millisi 12 komandanın qatılacağı yarışın B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi