Azərbaycan millisinin baş məşqçisi: "Çətin turnir olacaq"
- 07 noyabr, 2023
- 16:03
Yeniliklərdən dərhal xəbərdar olun!
"Həqiqətən çətin turnir olacaq. Amma burada Azərbaycanı təmsil edəcəyimizə görə qürur hissi keçirəcəyik".
"Report" xəbər verir ki, bunu qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya AVRO-2025-in seçmə mərhələ oyunlarından əvvəl deyib.
Mütəxəssis əvvəlcə bütün Azərbaycan xalqının zəfər bayramını təbrik edib: "Ölkədə 25 günlük təlim-məşq toplanışı keçirdik. Bəzi oyunçular öz klublarının heyətlərində oyuna çıxdıqlarına görə hazırlıq prosesinə qatıla bilmədilər. Buna baxmayaraq, 25 gün ərzində çox ciddi hazırlaşdıq. Bu müddətdə 2 hazırlıq görüşündə də qüvvəmizi sınadıq. Artıq komandada anlaşma səviyyəsi də yüksəkdir. Seçmə mərhələdə rəqiblərə qarşı istifadə edəcəyimiz taktiki gedişləri də basketbolçularımıza aşılamışıq".
Türkiyəli baş məşqçi yaradılan şəraitə görə Azərbaycan Basketbol Federasiyasına təşəkkür edib: "Burada bizi hazırkı Avropa çempionu Belçika ilə yanaşı, səviyyəcə bir-birinə yaxın olan Polşa və Litva komandalarına qarşı oyunlar gözləyir. İlk matçı Litva millisinə qarşı keçirəcəyik. Rəqibin oyununu yaxşı təhlil etmişik. Onların qarşısını kəsmək üçün mübarizə aparacağıq. Azərbaycanı layiqli şəkildə təmsil edəcək və ürəklə oynayacağıq. Komandama güvənirəm. Bu hələ bizim üçün başlanğıcdır. Qarşıdakı illərdə daha güclü komandaya çevrilmək üçün əlimizdən gələni edəcəyik. 2025-ci ildə keçirəcəyimiz oyunlarda indiki ilə müqayisədə daha yaxşı olmalıyıq”.
Qeyd edək ki, milli ilk matçını noyabrın 9-da səfərdə Litvaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Yığma üç gün sonra Bakıda Belçikanı qəbul edəcək.