Azərbaycan millisinin baş məşqçisi: "Belarus yığması gücün və sürətin hesabına bizi üstələdi"

Azərbaycan millisinin baş məşqçisi: "Belarus yığması gücün və sürətin hesabına bizi üstələdi" Belə komanda ilə səfərdə heç-heçə oynamaq pis nəticə deyil.
Futbol
14 Oktyabr , 2024 13:41
Azərbaycan millisinin baş məşqçisi: Belarus yığması gücün və sürətin hesabına bizi üstələdi
Elxan Abdullayev

Rəqib gücün və sürətin hesabına bizi üstələyib təzyiq altına salmışdı.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Elxan Abdullayev Belarusdakı təlim-məşq toplanışını dəyərləndirərkən deyib.

O, ilk oyundakı məğlubiyyətin səbəbini komandanın fiziki durumunun rəqibdən zəif olması ilə əlaqələndirib:

“İki fərqli qarşılaşma oldu. İlk matçda böyük hesabla uduzduq. Qeyd etmək üçün müsbət məqamlar yoxdur. Bunun səbəbləri var. Ən böyük səbəb odur ki, bizim uşaqlar Belarus millisinin üzvlərindən fiziki cəhətdən qat-qat zəif idilər. Rəqib gücün və sürətin hesabına rəqib bizi üstələyib təzyiq altına salmışdı. Komandamızı səhvlərə yol verməyə məcbur etdilər və bundan yararlandılar”.

Mütəxəssis komandanın ikinci oyunda xarakter göstərdiyini söyləyib:

“İkinci görüşə qədər rəqibi təhlil etməyə vaxtımız oldu. Bəzi dəyişikliklər həyata keçirdik. Komanda xarakter göstərdi. Əlbəttə, məşqçi kimi oyundan tam razı qalmadım. Düzdür, istək var idi, amma çatışmazlıqlar çoxdur. Hazırlaşırıq, bir aydan sonra bizi rəsmi oyunlar gözləyir. Moldovadan maksimum dərəcədə yaxşı nəticə ilə qayıtmağa çalışacağıq. Hər oyun uşaqlar üçün imtahandır”.

Qeyd edək ki, Azərbaycanın U-19 millisi Belarusdakı təlim-məşq toplanışı zamanı yerli komanda ilə iki yoldaşlıq görüşü keçirib. İlk oyunda rəqib 6:1 hesabı ilə qalib gəlibsə, ikinci matç heç-heçə (1:1) yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi