Bakı. 22 may. REPORT.AZ/ “Adımı siyahıda görəndə çox sevindim. İlk dəfədir əsas yığmaya dəvət alıram”.
Bunu “Report”a açıqlamasında “Keşlə”nin futbolçusu Slavik Alxasov Azərbaycan millisinə çağırılmasını şərh edərkən deyib. 25 yaşlı sol cinah müdafiəçisi ölkənin əsas komandasında çıxış etməyin ən böyük arzusu olduğunu bildirib: “Millinin formasını geyinmək hər bir futbolçu üçün qürurdur. Bu komandaya dəvət aldığım üçün çox sevinirəm. Lakin əsas məsələ yığmada qalıcı və faydalı olmaqdır. Borcumuz göstərilən etimadı doğrultmaqdır. Bu hadisənin karyeramda yeni bir səhifə kimi xarakterizə edərdim”.
Alxasov əsas heyətə düşmək üçün onunla eyni mövqedə çıxış edən Ürfan Abbasov, Təmkin Xəlilzadə və Ufuk Budakla rəqabət aparmalı olacaq: “Onlar məndən öncə yığmadadırlar və hamısı səviyyəli futbolçulardır. Aramızda yaxşı bir rəqabətin olacağını düşünürəm. Heç kimdən geri qalmamaq üçün əlimdən gələni edəcəyəm. Yuri Maksimovun “Keşlə”nin baş məşqçisi təyin olunmasından sonra bir qədər öndə oynayıram, daha çox hücumlara qoşuluram. Yığmada da eyni işi görə bilərəm. Qurban Qurbanovun tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışacağam. Bunadək Azərbaycanın aşağı yaş qrupları üzrə komandalarının formasını geyinmişəm. Əsas milliyə dəvət mənim üçün yeni bir çağırışdır”.
Cinah oyunçusu 25 yaşında ilk dəfə yığmaya çağırılmasını cari mövsümdə daha yaxşı çıxış etməsi və komandaya yerli mütəxəssisin – Qurban Qurbanovun rəhbərlik etməsi ilə əlaqələndirib: “İstər-istəməz yaş ötdükcə daha çox təcrübə qazanırsan. Digər tərəfdən, Maksimovun oyun fəlsəfəsi açılışmağıma kömək etdi. Dəvət almağımda milliyə yerli mütəxəssisin rəhbərlik etməsinin də rolu var. Qurbanov bizim potensialımıza daha yaxşı bələddir və daim hər kəsi diqqətdə saxlayır”.
Qeyd edək ki, Azərbaycan millisi mayın 23-dən iyunun 2-dək Bakıda, 3 - 6 iyunda Astanada, 7 - 9 iyunda Riqada təlim-məşq toplanışı keçəcək. Yığma mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunları keçirəcək.