Futbol üzrə Azərbaycan millisi 2022-ci ildə ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda yoldaşlıq matçında Malta seçməsi ilə səfərdə üz-üzə gəlib.
Ta Qali şəhərindəki Milli Stadionda olnanılan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0.
Görüşdən əvvəl meydan sahiblərinin kapitanı Andrey Aciusa yığmada 103-cü və sonuncu oyununu keçirməsi münasibətilə xatirə hədiyyəsi təqdim olunub. Acius 42-ci dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Zak Muskata verib.
Qarşılaşma rəqibin üstünlüyü ilə başlayıb. 8-ci dəqiqədə Aciusun zərbəsindən sonra qapıçı Səlahət Ağayev qola mane olub. 36 yaşlı müdafiəçi 25-ci dəqiqədə cərimə zərbəsindən topu qapının üstündən vurub. Maltanın ilk hissədə ən real qol vəziyyəti 45+1-ci dəqiqəyə təsadüf edib. Yurge Deqabrielenin zərbəsindən sonra top dirəyə dəyib.
Azərbaycan yığması ikinci yarıya daha yaxşı start verib. 51-ci dəqiqədə Ramil Şeydayevin zərbəsindən sonra müdafiəçiyə dəyən top qapının yanından keçib. Bir dəqiqə sonra isə Aleksey İsayevin başla fərqlənməsinə qapıçı Anri Bonello icazə verməyib. 54-cü dəqiqədə Eddi İsrafilovun cərimə meydançasının kənarından endirdiyi zərbə təhlükəli alınsa da, çərçivəyə düşməyib.
Belə bir məqamda maltalı futbolçu Yurgen Deqabriele 55-ci dəqiqədə Azərbaycan millisinin iki müdafiəçisi arasından topu dəqiq zərbə ilə tora göndərib. Bununla həm də qonaq komandanın təhlükəli hücumlarına, demək olar ki, son qoyulub.
Əvəzində oyunçu dəyişikliklərinə başlanılıb. 64-cü dəqiqədə Rüstəm Əhmədzadə Emin Mahmudovun, Bədavi Hüseynov Aleksey İsayevin, Dmitri Nazarov isə Abbas Hüseynovun yerinə meydana daxil olub.
67-ci dəqiqədə Lük Montebello Səlahət Ağayevlə təkbətək çıxsa da, top qapının yanından keçib.
76-cı dəqiqədə isə Azərbaycan yığmasının kapitanı Maksim Medvedev zədələnib və görüşə davam edə bilməyib. Onun yerinə meydana Renat Dadaşov daxil olub. Toral Bayramov isə Filip Ozobiçi əvəzləyib. 3 dəqiqə sonra Ramil Şeydayev yerini Amin Seydiyevə verib. 85-ci dəqiqədə Dadaşovun başla zərbəsindən sonra top qapının üstündən keçib.
Beləliklə, sönük və məzmunsuz çıxış edən, nəinki təhlükəli vəziyyət yaratmaqda, hətta ardıcıl ötürmələr verməkdə də çətinlik çəkən Azərbaycan millisi ilin ilk sınağında məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, Azərbaycan millisi martın 29-da eyni arenada Latviya seçməsi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.