Futbol üzrə Azərbaycan Kubokunun oyunları növbəti ilə təxirə salınıb.
"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası (PFL) qərar qəbul edib.
AFFA və PFL Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun rəhbər şəxsləri, eləcə də videokonfranslarda (7 və 9 dekabr) iştirak edən baş məşqçiləri ilə fikir mübadiləsi aparılıb. Müzakirələr nəticəsində Azərbaycan Premyer Liqası ilə yanaşı ölkə kubokunun təqvimində də dəyişikliklər edilib.
1/8 final mərhələsinin oyunları dekabrın 24-də yox, 2021-ci il yanvarın 25-də olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsində “Səbail” - “Zaqatala”, “Turan Tovuz” - “Qəbələ”, “Sabah” - “Kəpəz”, “Qaradağ Lökbatan” - “Zirə” oyunları təşkil ediləcək. "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" mübarizəyə 1/4 finalda qoşulacaq.