Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək. "Report"un məlumatına görə, hər iki görüş Bakıda təşkil olunacaq.
Əvvəlcə "ASK Arena"da "Keşlə" və I Divizion təmsilçisi "Kəpəz" üz-üzə gələcək. Paytaxt komandası mübarizəyə birbaşa qoşulubsa, Gəncə klubu əvvəlki mərhələdə "Sabah"ı mübarizədən kənarlaşdırıb - 2:1.
Bakı və Gəncə komandaları arasında indiyədək 5 oyun keçirilib. Görüşlərdən 4-də "Keşlə" qələbə qazanıb, 1-i heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də "Kəpəz"in əleyhinədir - 3:10. Üç dəfə yolları kəsişən komandaların bütün duellərində “Keşlə” mərhələ adlayıb. “Kəpəz” 5 oyunun heç-birində qələbə qazanmayıb.
Günün son oyununda "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edəcək. Bu komanda əvvəllər 4 dəfə qarşılaşıb və hərəyə 2 qələbə qazanıb. Lakin topların nisbəti flaqmanın xeyrinədir - 6:3.
Paytaxt klubları iki dueldə üst-üstə 4 matç keçirib. Rəqiblər hərəyə 2 qələbə qazansa da, “Neftçi” iki dəfə mərhələ adlayıb.
Cavab görüşləri fevralın 7-də keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
2 fevral (çərşənbə axşamı)
16:00. “Keşlə” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”
18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Kərim Ağayev
“Bakcell Arena”
Qeyd edək ki, ilk 2 oyunda "Səbail" səfərdə "Sumqayıt"ı 1:0, "Qarabağ" evdə "Qəbələ"ni 3:1 hesabı ilə yenib.