I Liqa təmsilçisi "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə AFFA İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyət almalarına münasibət bildirib.
"Report"a açıqlama verən mütəxəssis diqqətsizliyə görə adı protokolda olmayan futbolçunu meydana buraxdıqlarını söyləyib.
"Bu işdə məsuliyyət oyunun protokolunu tərtib edən şəxslərin boynundadır. Təəssüf ki, adlar səhv qeyd olunmuşdu. Onsuz da işlərimiz qaydasında getmir. Turnir cədvəlində sonuncu sırada qərarlaşmışıq. Baxmayaraq ki, hər oyunda qol vəziyyəti yaradırıq, epizodlarımız olur. Lakin çatışmayan nəsə var. Bütün bunlar azmış kimi, bir tərəfdən də texniki məğlubiyyət bizi təəssüfləndirdi. İnşallah, əlimizdən gələni edəcəyik ki, komandanı bu çətin vəziyyətdən xilas edək", - A.Quluzadə vurğulayıb.
Qeyd edək ki, Azərbaycan I Liqasının XX turunun “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın heyətində adları matçın protokolunda olmayan futbolçular meydana çıxıb. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. “Qaradağ Lökbatan” həmçinin 400 manat cərimələnib.