Azərbaycan futbolunda yeni dalğa - Ümid verən gənclər - ŞƏRH

Azərbaycan futbolunda yeni dalğa - Ümid verən gənclər - ŞƏRH Azərbaycan futbolu ilə bağlı məşhur bir deyim var - millimiz hər seçmə mərhələdə mütləq hansısa komandanı bədbəxt edir. Yığma 1996-cı ildən bəri iştirakçısı olduğu tsikllərin heç birində Avropa və ya dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmədiyi üçün bu məsələnin hələ də aktuallığını saxlaması normaldır. Slovakiya, Türkiyə, Serbiya, İsveçrə, Norveç kimi kollektivləri məğlub edən, Portuqaliyanın timsalında dünya nəhəngindən xal alan milli dünən daha bir top-komandaya “əlcək atdı”. Yığmanın “qurbanları sırasında olan sonuncu dünya çempionatının finalçısı Xorvatiya yığması Bakıda yenə büdrədi.
Futbol
10 Sentyabr , 2019 15:42
Azərbaycan futbolunda yeni dalğa - Ümid verən gənclər - ŞƏRH

Azərbaycan futbolu ilə bağlı məşhur bir deyim var - millimiz hər seçmə mərhələdə mütləq hansısa komandanı bədbəxt edir. Yığma 1996-cı ildən bəri iştirakçısı olduğu tsikllərin heç birində Avropa və ya dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmədiyi üçün bu məsələnin hələ də aktuallığını saxlaması normaldır. Slovakiya, Türkiyə, Serbiya, İsveçrə, Norveç kimi kollektivləri məğlub edən, Portuqaliyanın timsalında dünya nəhəngindən xal alan milli dünən daha bir top-komandaya “əlcək atdı”. Yığmanın “qurban"ları sırasında olan sonuncu dünya çempionatının finalçısı Xorvatiya yığması Bakıda yenə büdrədi.

Əlbəttə, AVRO-2020-nin seçmə mərhələsində bu səviyyədə rəqiblə 1:1 hesablı heç-heçə etmək belə, Azərbaycan millisi adına böyük uğurdur. Ancaq əldə edilən 1 xal turnir baxımından bizə heç nə vermir. Xorvatiyalılarla bərabərliyə görə bizi nə Avropa çempionatına buraxacaqlar, nə də boynumuzdan medal asacaqlar. Bizim üçün böyük, amma qlobal anlamda xırda uğurlara sevinərkən reallıqları da gözardı etməməliyik.

Artıq futbolun coğrafiyası dəyişir. Dünənə qədər at oynadanlar yerlərini başqalarına verirlər. Sonuncu dünya çempionatını xatırlayaq: Almaniya qrupda qaldı, Argentina cəmi 4 xalla növbəti mərhələyə adladı, İspaniya 1/8 finalda Rusiyaya uduzdu, İtaliya isə, ümumiyyətlə, mundiala düşmədi. Hazırkı seçmə mərhələdə isə Millətlər Liqasında millimizi qabaqlayaraq qrup qalibi olan Kosovo 8 xalla 2-ci sıradadır və lider İngiltərədən cəmi 1 xal geri qalır...

Hər dövrdə milli komandaların səviyyəsinə təsir edən müxtəlif amillər olub. Müasir futboldakı trend isə miqrasiyadır. Təsadüfi deyil ki, son mundialda çempionluğu fransızlar deyil, miqrant ailələrin uşaqlarından formalaşmış kollektiv əldə etdi. Fransa yığmasının heyətindəki 23 futbolçudan 17-si (!) fransız deyildi. Bu gün Kosovo millisinin heyətindəki oyunçuların əksəriyyəti Avropanın müxtəlif ölkələrində ya doğulublar, ya da tarixi vətənlərindən kənarda böyüyərək futbolla məşğul olublar. Hazırda komanda təlim-məşq toplanışlarını da xaricdə keçir və yalnız ev oyunları zamanı Kosovoya gedir.

Fransa və ya Kosovo qədər olmasa da, miqrasiya amili Azərbaycan millisinə də ciddi təsir göstərməkdədir. Komandanın Uels və Xorvatiya yığmaları üçün “23-lüy”ündə yer alanlardan Pavel Paşayev, Emin Mahmudov, Ramil Şeydayev, Rüfət və Renat Dadaşov qardaşları xaricdə yaşayan azərbaycanlı ailələrin övladlarıdır. Onlardan birincisi Ukraynada, növbəti iki nəfəri Rusiyada, sonuncular isə Almaniyada futbolun sirlərini öyrənməyə başlayıblar.

Şahrudin Məhəmmədəliyev, Anton Krivotsyuk və Dmitri Nazarov Azərbaycan kökənli ailələrin övladları olduqlarına görə, Riçard Almeyda isə ölkəmizdə 5 il yaşadığı üçün milliləşdirilib. Beləliklə, son heyətdən 9 nəfərin Azərbaycan futbol məktəbinin yetirməsi olmadığını görürük.

Əlbəttə, ölkə futbolundakı milliləşdirmə müstəqilliyin ilk illərindən start götürən prosesdir. Başlanğıcda buna nəticə qazanmaq üçün, əsasən, təcrübəli oyunçuların heyətə cəlb edilməsinə ehtiyac duyulurdusa, ikinci dalğa dağıstanlı və Avropada yaşayan türkiyəli gənclərin gətirilməsi oldu. Ancaq təcrübə göstərdi ki, hər iki istiqamət bizi böyük hədəflərə apamayacaq. Şimaldan gələn onlarla oyunçudan bu gün milli səviyyəsində 2 nəfər qalıb - Şahrudin Məhəmmədəliyev 3-cü qapıçı statusundadır, 28 yaşlı Bədavi Hüseynov zədələrə görə son illərdə stabil çıxış etmir. 

Türkiyə mənşəlilərlə bağlı vəziyyət isə faciəvidir. Təsəvvür edin: yığmaya götürülən Cihan Özkara, Tuğrul Erat, Ali Gökdemir, Ufuk Budak və daha kimlər bu gün nəinki milliyə yaramır, heç biri elita komandasında çıxış etmir. Aralarında Deniz Yılmazın timsalında klubsuz qalan da var.

Ancaq " Artıq axtardığımızı tapmışıq" demək olar. Son illərdə sırf xaricdə yaşayan azərbaycanlı ailələrin övladları – Paşayev, Mahmudov, Şeydayev və Dadaşov qardaşlarının komandaya gəlişi ilə milliləşdirmə prosesi özünün təbii axarını tapıb. Bu oyunçuları əvvəlkilərdən üstün tutmağa əsas da var. Paşayevin formasını geyindiyi Ukrayna “Aleksandriya”sı Avropa Liqasının qrup mərhələsindədir. Şeydayev Rusiyanın “Dinamo” (Moskva) komandasında əsas heyətdə yer alır. Mahmudov “Neftçi”nin kapitanıdır. Renatı İngiltərə Prmeyer Liqasında çıxış edən “Vulverhempton” transfer edərək Portuqaliya təmsilçisi “Pakuş Ferreyra”ya icarəyə göndərib. Rüfət isə Almaniyanın III liqa komandası olan “Proyssen”dədir.

Bununla belə, bu gün sevinməli olduğumuz əsas məqam nə Xorvatiya ilə Bakıdakı heç-heçə, nə də xaricdə yaşayan azərbaycanlı ailələrin övladlarının millinin səviyyəsinə müsbət təsir etmələridir. Daha önəmlisi millidəki nəsil dəyişikliyi prosesində həm xaricdə, həm də Azərbaycanda yetişən istedadlı və potensiallı gənclərin yer almalarıdır. Üstəlik, ildən-ilə infrastrukturun təkmilləşməsi, artıq futbol məktəblərində sırf müvafiq lisenziyası olan məşqçilərin çalışması Avropa səviyyəsində daha çox oyunçunun üzə çıxacağına təminat verir.

Hazırda Azərbaycan millisində orta yaş həddi 26-dır. Ən cavanı 20 yaşlı Renat Dadaşov, “qoca"sı isə 31-i haqlayan Cavid Hüseynovla Pavel Paşayevdir. Uelsə səfərdə 1:2 hesabı ilə uduzduğumuz və Xorvatiya ilə Bakıda bərabərə qaldığımız oyunlarda ön plana çıxan Ramil Şeydayev Bəhlul Mustafazadə və Mahir Emrelinin 22, Emil Balayevin 25, Rahil Məmmədovun 24, Anton Krivotsyukun 21, Təmkin Xəlilzadə ilə Ağabala Ramazanovun 26 yaşı var. Bu isə o deməkdir ki, yaxın 10 - 12 ili əhatə edəcək seçmə mərhələlərdə millinin özəyini bu gənclər təşkil edəcək.

Bu gənclərin də yer alacağı heyətlə Avropa və ya dünya çempionatına vəsiqə qazanılıb-qazanılmayacağını zaman göstərəcək. Lakin onlarla gələn yeni dalğa müstəqillik dönəmindən bəri ilk dəfə nikbin olmağa əsas verir.

Son xəbərlər

Orphus sistemi