Bakı. 27 yanvar.
Bu barədə "Report"a komandanın kapitanı Nizami Hacıyev məlumat verib. O bildirib ki, qərar təqribən bir həftə öncə onlara açıqlanıb: "Onlara futbol maraqlı deyil".
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 2004-cü ildən "İnter" klubunun baş sponsorudur.
***
Azərbaycan Beynəlxalq Bankı “İnter”lə bağlı qərarını açıqlayıb.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyəti “İnter” Peşəkar İdman Klubuna Bank tərəfindən sponsorluğun dayandırılmasına qərar verib. Bankdan "Report"a verilən məlumata görə, belə bir addımın atılmasında məqsəd yeni fəaliyyət mərhələsində olan ABB-də biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılmasıdır.
Bankın İdarə Heyətinin sədri Xalid Əhədov bununla bağlı bildirib: “Yeni strateji hədəflərinə uyğun olaraq idman sferasındakı fəaliyyətini məhdudlaşdırmaq ABB-yə öz xərclərinə qənaət etməyə, mövcud imkan və resursların, əsas fəaliyyət istiqamətlərinə, yəni, sırf bank-maliyyə sahəsinə cəlb olunmasına, beləliklə, Bankın dövlət dəstəyi ilə sağlamlaşdırılması tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsinə imkan verəcək”.
Bu qərarla bağlı digər hüquqi-texniki məsələlər qanunvericiliyə uyğun şəkildə mərhələ-mərhələ öz həllini tapacaq. Belə ki, Bankın müvafiq qərarla əlaqədar müraciətinə uyğun olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “İnter” klubunun cari mövsümün sonuna qədər oyunlarda iştirakı məqsədilə bütün lazımi işlər üçün öz dəstəyini verəcək. ABB “İnter” PİK-in təsisçisi kimi qalacaq və klubun idarəçiliyi idarəetmə müqaviləsi əsasında peşəkar komandaya ötürüləcək. Klub sponsor üçün açıq elan olunur. Kluba sponsorluq etmək istəyənlər bununla bağlı AFFA-ya müraciət edə bilər.
Qeyd edək ki, klubun lisenziyalaşdırılması çərçivəsində götürülmüş öhdəliklər (o cümlədən, lisenziyalaşdırma prosesi çərçivəsində nəzərdə tutulan maliyyə zəmanəti) ABB tərəfindən yerinə yetiriləcək.