Ayxan Abbasov: "Sumqayıt" çempionata tam hazır deyil"

Ayxan Abbasov: "Sumqayıt" çempionata tam hazır deyil" “İkinci yoldaşlıq görüşümüz olduğu üçün futbolçuların meydanda cəldliyi bizim üçün vacib idi. Bu həftə futbolçularda müəyyən yüklənmə oldu. Bunun fonunda komandadan məmnunam”.
Futbol
200
14 Yanvar , 2021 17:46
Ayxan Abbasov: Sumqayıt çempionata tam hazır deyil
Ayxan Abbasov

“İkinci yoldaşlıq görüşümüz olduğu üçün futbolçuların meydanda cəldliyi bizim üçün vacib idi. Bu həftə futbolçularda müəyyən yüklənmə oldu. Bunun fonunda komandadan məmnunam”.

"Report"un məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov “Qəbələ” ilə keçirilən yoxlama oyunundan (1:1) sonra deyib.

40 yaşlı mtəxəssis komandasının hələ tam hazır olmadığını etiraf edib: "Səhvlərimiz hələ var. Bəzi oyunçular təzə gəlib. Taktiki baxımdan önəmli həftə olacaq. İstəyərdik ki, hazırlıq üçün daha bir həftə vaxtımız olsun. Bu, azdır. Amma bütün komandalar üçün vəziyyət eynidir. Bizi “Keşlə” ilə çətin çempionat oyunu gözləyir. Həmin matça hazır olmağa çalışacağıq”.

Abbasov qış transferləri olan müdafiəçi Höccət Haqverdi və hücumçu Mehdi Şərifidən razı qaldığını söyləyib: “Mehdi Şərifini tanıyırıq, bizimlə bir mövsüm keçirib. O, altı aydır futbol oynamır, oyun praktikasından əziyyət çəkir. Höccət Haqverdini isə bir ay idi izləyirdim. Təcrübəsi göz önündədir. Müdafiədə belə oyunçuya ehtiyacımız var idi. İnanıram ki, bizə kömək edəcək. Bütün mövqelərdə rəqabət olmasına çalışırıq. Çempionat uzun marafondur. 11-12 oyunçu ilə sona qədər getmək olmaz. İlk yarının sonlarında çox əziyyət çəkdik. Həm zədlilərimiz çox idi, həm də xəstəliyə yoluxanlarımız. Biz də rəqabət yaratmağa çalışırıq. Bu, futbolçuların yalnız xeyrinədir”.

Baş məşqçi ikinci hissədə meydana buraxılan və hazırda komandada baxışda olan Dmitri Nağıyevin durumu barədə də fikirlərini bölüşüb: “Dmitri hələ tam hazır deyil. Moldovada çempionat ötən ilin noyabrında başa çatıb. Ondan sonra məşq etməyib. Bir həftədir bizimlədir. Hələ yenə yoxlayacağıq. Amma ümumilikdə pis təsir bağışlamadı”.

Abbasov Premyer Liqanın XIV turunda “Keşlə” ilə keçiriləcək matçda qələbəsiz oyunlar seriyasına son qoymağa çalışacaqlarını deyib: "Çempionatda 5 oyundur qələbə qazana bilmirik. Turnir cədvəlində 4-cü yeri itirə bilərik. Hər iki komanda üçün çətin oyun olacaq. Amma bu matçın nəticəsi hələ heç nəyi dəyişmir. Çempionatın sabitliyini tutmaq da çətindir. Xal qazanmağa çalışacağıq. Amma məncə, mübarizə çempionatın sonunadək gedəcək”.

Abbasov qazaxıstanlı müdafiəçi Kərəm Sultanov və iranlı yarımmüdafiəçi Adəm Həmati ilə vidalaşacaqlarını sözlərinə əlavə edib: “Onlar burada az şans qazandılar, özlərinə də dedik. Adəm bu sistemdə oynamamışdı, çətinlik çəkirdi. Yəqin ki, yaxın günlərdə klub rəhbərliyi bu barədə məlumat verəcək. Çalışacağıq ki, onlar da futbolsuz qalmasın, karyeralarına öz ölkələrində davam etdirsinlər”.

Son xəbərlər

Orphus sistemi