Ayxan Abbasov: "Şamaxı"nın U-21 millisinin bazası olması məsələsini yaxın aylarda müzakirə edəcəyik"

Futbol
  • 14 mart, 2025
  • 22:18
Ayxan Abbasov: Şamaxının U-21 millisinin bazası olması məsələsini yaxın aylarda müzakirə edəcəyik

"Şamaxı"nın U-21 millisinin bazası olması məsələsini yaxın aylarda müzakirə edəcəyik.

"Report" xəbər verir ki, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin yeni baş məşqçisi Ayxan Abbasov deyib.

Misli Premyer Liqasının XXVII turunun "Araz-Naxçıvan" - "Şamaxı" oyunundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran mütəxəssis yığma ilə bağlı gələcək planları barədə danışıb:

"Şamaxı" rəhbərliyi klubun heyətində gənc futbolçuların çoxluq təşkil etməsinin tərəfdarıdır. Bu mənada, həm "Şamaxı"nın, həm də U-21-in yeni baş məşqçisi olaraq fikirlərimiz üst-üstə düşür. Hətta, biz yay "transfer pəncərəsi"ndə Rüfət Abbasov, Rauf Rüstəmli və Edqar Adilxanov kimi oyunçularla yanaşı başqa gəncləri də sıralarımıza qatmağı düşünürdük. Təəssüf ki, bəzi keçidlər alınmadı. "Şamaxı"nın U-21 millisinin bazası olub-olmayacağını deyə bilmərəm. Bu məsələni qarşıdakı aylarda müzakirə edəcəyik. Yaya qədər köməkçilərimlə birgə geniş seleksiya işləri görəcəyik. Tək 2005-ci il təvəllüdlü futbolçuları yox, hətta, 2006-2007-ci ildən olan oyunçuları da nəzərimizdə tutmuşuq".

Qeyd edək ki, bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında U-21 millisinin yeni baş məşqçisi Ayxan Abbasovla 2 illik müqavilə imzalanıb.