"Futbolçular milliyə klublardan gəlirlər. Oyunçuların durumu ilə bağlı onlara sual vermək lazımdır. Yığma zəif oynadı: bunu heç kim inkar edə bilməz. Səbəbləri isə çoxdur: Vaxt azlığı, baş məşqçinin oyunçularla yeni tanış olması və s".
"Bu fikirləri "Report"a açıqlamasında AFFA məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan yığmasının UEFA Millətlər Liqasının I turunda evdə Lüksemburqa 0:2 hesabı ilə uduzması barədə danışarkən deyib.
73 yaşlı mütəxəssis baş məşqçi Canni De Byazinin Azərbaycan futbolunu dərindən öyrənmək istədiyini bildirib. Mircavadovun sözlərinə görə, bütün bunlar vaxt aparır: "Oyunçular da klublardan gəlir, 4 komandadan 2-si avrokubokların I təsnifat mərhələsində mübarizəni dayandırıb. Yəni "Keşlə" və "Sumqayıt"ın oyunçuları da millidə çıxış edirlər. Bunları nəzərə almaq, bu barədə düşünmək lazımdır. Yerli futbolçular da azdır və yaxşı inkişaf etmirlər. Klublarda zəif legionerlər var. Çox qəribə haldır ki, yerli futbolçu hazırlamaqdansa, zəif legioner alırlar. Bunlar futbolu Azərbaycanda öyrənirlər. Sadalanan amillərin hamısı millinin oyununa təsir edir. Şəxsi fikrimdir ki, komanda istəyin, əzmkalığın və mübarizliyin sayəsində nə isə edə bilər".
Mircavadov deyib ki, futbolçuların milli komandaya istəksiz gəlmələrinin səbəbini klublardan soruşmaq lazımdır: "Uzağa getmək lazım deyil, niyə Araz Abdullayevi Azərbaycanın 8 klubundan hansısa götürmək istəmir? Səbəbi nədir? Amma millinin baş məşqçisi onu hardasa görüb və izləyib. Bu barədə nə isə deyə bilmərəm. Canni De Byazi Arazı milliyə çağırdı, hətta 20 dəqiqə meydana buraxdı. Suallar və problem çoxdur, onları bir kəlmə ilə həll etmək olmur. Ona görə yığmadan danışanda ilk olaraq, klublara diqqət edək. Klublarla iş birliyi olmalıdır, oyunçuları onlar verirlər. Ola bilər ki, klubun baş məşqçisi futbolçusunun milliyə hazır olduğunu iddia edir. Etiraz etmirəm, amma zənnimcə, De Byazi oyunçularla tanış olmaq üçün komandaların baş məşqçiləri ilə danışıb. Milli komandanın nəticə qazanmamasının səbəbləri çoxdur".
"Şöhrət" ordenli mütəxəssis baş məşqçinin Emin Mahmudova şans verməməsini çox qəribə hal adlandırıb: "Mən oyuna baxırdım. Bu sualı hamıya verdim. Bir il bundan əvvəl xorvatiyalı baş məşqçi də Eminə şans vermirdi. O, "Neftçi"nin həm kapitanıdır, həm də orta xətdə lider kimi oynayır. Bu sualın cavabını axtarıb tapa bilmirəm. Onu dəvət edirsənsə, niyə oynatmırsan? Axı Mahmudov oynayan futbolçudur. Mən heç vaxt hansısa klubun və ya yığmanın məşqçilərinə məsləhət verməyi xoşlamıram. Məsləhətim də yoxdur ki, nəyisə başqa cür et deyim. Nə vaxt soruşarlar, öz fikrimi bildirərəm. Heç vaxt onların səhvini demək də istəmirəm. Bu, etikadan uzaqdır. Ona görə də Mahmudovun məsələsi mənə, həqiqətən, maraqlı gəldi. Məşqçilər korpusu olaraq, hamımız qarşılaşmanı izləyirdik. Matç ərzində orta xətdə ona ehtiyac var idi. Özüm də məətəl qaldım ki, niyə oynamadı".
Məşqçilər Komitəsinin üzvü baş məşqçinin yığmadan istəyinin əsas amil olduğunu sözlərinə əlavə edib: "Cavanlaşdırmaq və komandanı növbəti seçmə mərhələyə hazırlamaq istəyirsə, bu, başqa məsələ. Ya da Millətlər Liqasında yaxşı çıxış edib, birinci yeri tutmaq istəyirsə, bu, digər məsələdir. Berti Foqts baş məşqçi olanda bir-iki dəfə klubsuz futbolçunu yığmaya çağırmışdı. Belə hal baş verib. Amma oyunçunun özü də fikirləşməlidir ki, mən milli komandaya hazırammı? Neçə dəfə rəsmi matça çıxmışam və ya oyun praktikam varmı? Futbolçular öz üzərində işləməlidir. Ümumiyyətlə, baş məşqçinin işinə qarışmaq istəmirəm, etiraf etməliyik ki, bizdə yerli futbolçu qıtlığı var. Bu yöndə işləmək lazımdır. Əsas vacib olan amil də budur".
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov hamının millidən yalnız qələbə gözlədiyini bildirib: "Azarkeşlər yığmanın oyunu üçün darıxmışdı. Təəssüf ki, məğlub olduq. Lüksemburqun futbolçularının oynadıqları klublara baxsaq, görərik ki, bizi üstələyirlər. Onların inkişafları göz qabağındadır. Bizdə yeni baş məşqçi idi, bəlkə də, futbolçuları tam tanımır. Hazırkı durum da futbolçuların tam formada olmamasına səbəb kimi göstərilə bilər".
Abbasov 25-ci dəqiqədə Mahir Emrelinin qırmızı vərəqə almasının səbəbini belə izah edib: "3-4 ay futbolsuz qalmağımız təsirsiz ötüşmədi. Amma evdə oynayırdıq və futbolçularımızda əzmkarlıq istənilən səviyyədə deyildi. Buna Mahir Emrelinin qırmızı vərəqə alması da səbəb oldu. Birinci oyunun həyəcanı hiss olunurdu. Oyundan sonra analiz etmək, səhvləri qabartmaq çox asandır. Öz oyunumuzdan sonra da nələrisə müzakirə edirik. Buradan yaxşı mənada dərs çıxartmaq lazımdır. Heç kim qırmızı vərəqədən sığortalanmayıb. Dünyanın ən məşhur futbolçusu da Çempionlar Liqasının finalında qırmızı vərəqə ala bilər. Onlar bir anda özlərini cilovlamaya bilərlər. Mahirin bu hərəkətinə heç kim yaxşı deyə bilməz. Amma o, ölkəmizin ən yaxşı, öndə gedən futbolçularından biridir. Bu gün onu qazanmalıyıq. Futbolçu qarşılaşmadan sonra üzr də istəyib və səhvini başa düşüb. Belə oyunlarda Mahir böyüməlidir. O, neçə illərdir ki, millinin və "Qarabağ"ın əsas heyətində oynayır. Belə səhvləri etməməlidir".
39 yaşlı mütəxəssis Adil Nağıyevin əllə oynayaraq penaltiyə səbəb olmasına da münasibət bildirib: "Baş məşqçi ona inandı. Bəlkə də, Canni De Byazinin beynində başqa fikir var idi deyə, Nağıyevə şans verdi. Adil oyunun ab-havasına, tempinə girməkdə çətinlik çəkdi. Hər kəs səhv edə bilər, bu gün orada Mahir və Adil uduzmayıb. Oynayan və oynamayan bütün oyunçular uduzublar, milli komandamız uduzub. Kiminsə üstünə gedib nəsə qazanmayacağıq. Sabah oyunumuz var, onları ruhlandırmalıyıq ki, yaxşı çıxış etsinlər".
Abbasovun fikrincə, millidə yükü üzərinə götürəcək futbolçular ön plana çıxmalıdır və liderlərin olması mütləqdir. "Bu gün deyə bilərlər ki, Azərbaycanda lider futbolçular azdır. Amma mənə görə, var. "Neftçi"nin kapitanı Emin Mahmudov kimi oyunu öz üzərinə götürə bilən oyunçular mövcuddur. "Qarabağ"dan Qara Qarayev, Bədavi Hüseynov böyük təcrübəyə malikdir. Onlar avrokuboklarda öz klublarının lideridirlər. Maksim Medvedevi də siyahıya sala bilərəm. Onlar gənclərlə əl-ələ verib komandanı arxalarınca aparmalıdırlar. Yəqin ki, futbolçular birinci matçdan dərs çıxardacaqlar və ikinci görüşdə həmin səhvləri etməyəcəklər".
Abbasov yığmaya dəvət alan futbolçular haqqında bunları deyib: "Hər baş məşqçinin öz baxışı var. Mən başqa futbolçuları yığmada görürəm və bu şəxsi fikrimdir. Məsələn, başqa futbolçulara daha çox güvənərdim. Məşqçinin seçiminə hörmət edək, ona inanıb komandanı etibar ediblər. Bir matça görə, qərarlara səhv deyiriksə, bundan da bir şey qazanmayacağıq. Bəlkə də, növbəti matçlarda heyətlə bağlı fikrini dəyişdi, başqalarını cəlb edə bilər. Baş məşqçi bir tur çempionatımızı, bir tur isə avrokubokları izləyib. Bu gün hər məşqçinin öz fikri var, hərə öz fikrini desə, çox adlar çıxacaq".
Baş məşqçi "Elvin Camalov 90 dəqiqə meydanda olmasının, əvəzində Emin Mahmudovun şans qazanmamasının səbəbini nədə görürsünüz" sualına belə cavab verib: "Çox istərdim ki, komandamda Emin Mahmudov kimi futbolçu olsun. Bu gün Azərbaycanın orta xətdə 5-6 yaxşı futbolçusundan biridir. Rusiyada "Spartak" məktəbinin yetirməsi və "Neftçi"nin lideridir. Ona şans vermək lazımdır. Neçə illərdir millidədir, amma tam oturuşmayıb. Ona güvənmək lazımdır, bəyəndiyim futbolçulardandır. "Neftçi"nin fiqurudur. Elvin Camalovun oynaması, Emin Mahmumodovun kənarda qalması barədə mənim nəsə deməyim düzgün çıxmaz, yanlış anlaşıla bilər. Hər məşqçinin öz fikri və baxışı var. Bəlkə, Emini sabahkı matça saxlayıb?! Komandanın içində deyilik və bunları bilmirik. Amma kimisə, milliyə çağırıblarsa, deməli, inanıblar. İnanıram ki, gələcəkdə Emin millinin əsl lideri olacaq".
Abbasov klubsuz Araz Abdullayevin yığmaya çağırılmasına da toxunub: "Məğlub olursansa, çox tənqidlər olacaq. Hər xırda detallar üzə çıxacaq. Bu, futbolda yazılmamış qanundur. Qalib gəlirsənsə, baş məşqçinin seçimi və kimi çağırması üzə çıxmayacaqdı. Komanda məğlub olubsa, çağırılmayan futbolçular yada düşür. Bu olsaydı, belə olardı, o olsaydı belə olardı və s. Bunlar normaldır. Hansısa klub da məğlub olanda baş məşqçi tənqid olunur ki, futbolçu seçimi düzgün deyil. Bu gün, bəlkə də, Araz Abdullayevi qazanmaq istəyiblər. O, klubsuzdur deyə, silmək də olmaz. Amma o, klub tapmalıdır ki, qarşıdakı toplanışlara da dəvət alsın. Ola bilər ki, baş məşqçinin özü bəyənib və güvənib. Ümumiyyətlə, onun fikrini də bilmək önəmlidir. Oynatdığı və çağırdığı futbolçularla bağlı özü cavab versə, lap yaxşı olar. Amma məncə, klubunda ən yaxşı formada olanlar yığmada olmalıdır".
AFFA Məşqçilər Komitəsinin digər üzvü Şahin Diniyev Lüksemburqun gözəl futbol sərgilədiyini söyləyib. Onun fikrincə, Azərbaycan millisinin öz səviyyəsindən aşağı oyun sərgiləməsi məğlubiyyətə gətirib çıxarıb: "Yığmada yeni baş məşqçi var, onun izlədiyi milli son olaraq 2019-cu ilin noyabrında Slovakiyada oynayıb. Həmin vaxtdan bəri həm futbolçularda, həm də ölkə futbolunda çoxlu dəyişiklik olub. Bu səbəbdən, birinci matçda anlaşılmazlıq, səhvlər var idi. Oyun göstərdi ki, yanlışlıqlar var, amma tələsmək lazım deyil. İnanıram ki, Kiprdə bundan yaxşı nəticə olacaq. Ona görə ki, futbolçuların məsuliyyəti artacaq, çünki Lüksemburqa evdə uduzmaq Azərbaycan futbolu üçün acı məğlubiyyət idi. Ancaq ədalət naminə deməliyik ki, onlar təsadüfən qələbə qazanmadılar, oynadılar və 3 xal əldə etdilər. Bu matçdan sonra mütləq dəyişikliklər olmalı, həm taktiki sxem, həm də oyunçularla bağlı əvəzləmələr baş verməlidir. Onda daha yaxşı oyun görəcəyik".
Diniyevin sözlərinə görə, yığma rəsmi matça kimi mütləq yoldaşlıq oyunu keçirməli idi: "Deyə bilərsiniz ki, komanda tapmaq çətindir, amma mən deyəcəyəm ki, U-21 millimiz var. Baş məşqçi futbolçuları daha yaxşı tanıyardı. Lüksemburqla görüşdəki səhvlərin 50-60 faizini yoldaşlıq oyununda görəcəkdi. De Byazi futbolçuları indi tam tanıdı, bundan sonra isə belə səhvlər olsa, nələrsə danışa bilərik".
Təcrübəli mütəxəssis Kiprlə matçda yaxşı oyuna ümid etdiyini sözlərinə əlavə edib: "İnanın səmimiyyətimə, mənim içimdə arxayınlıq var. Yaxşı oyun gözləyirəm. İlk oyundan sonra mütləq yaxşı oynamalıyıq. Düşünürəm ki, Canni De Byazi artıq 4-4-2 sistemindən imtina edəcək. Futbolçular da əvvəlki məğlubiyyətdən dərs çıxarıb, oyuna daha məsuliyyətli və intizamlı yanaşmalıdırlar. Ümid edirəm ki, milli normal futbol oynayacaq. Söhbət nəticədən getmir. Ancaq irəli baxmaq lazımdır".
Diniyev yığmanın Millətlər Liqasında yaxşı nəticə qazanacağına inanmadığını söyləyib: "Millətlər Liqası bizim üçün dünya çempionatının seçmə mərhələsinə hazırlıq olmalıdır. Sistem, futbolçu və heyət baxımından böyük dərs almalıyıq. Onsuz da, bizim burdan o tərəfə keçməyə gücümüz olmayacaq. Millətlər Liqasından dünya və Avropa çempionatının final mərhələsinə vəsiqə olduqca real olmayan şeydir. Hazırda yeni sistem və futbolçularla Avropa və dünya çempionatlarının seçmə mərhələsinə hazırlaşmaq daha yaxşı olar".