Avropanın ən yaxşı yarımmüdafiəçisi seçilən azərbaycanlı: “Qalib olacağımı gözləyirdim”

Avropanın ən yaxşı yarımmüdafiəçisi seçilən azərbaycanlı: “Qalib olacağımı gözləyirdim” Qalib olacağımı gözləyirdim.
Futbol
9 Yanvar , 2025 14:54
Avropanın ən yaxşı yarımmüdafiəçisi seçilən azərbaycanlı: “Qalib olacağımı gözləyirdim”
Elvin Əlizadə

Qalib olacağımı gözləyirdim.

Bunu “Report”a açıqlamasında Azərbaycanın minifutbol yığmasının və “Birbaşa Bakı” komandasının üzvü Elvin Əlizadə Avropada 2024-cü ilin ən yaxşı yarımmüdafiəçisi adına layiq görülməsi barədə danışarkən deyib.

Futbolçu Çempionlar Liqasında yaxşı çıxış etdiyini vurğulayıb:

“Əlbəttə, sevindirici haldır. Futbol oynayırıqsa, ən yaxşı seçilmək hər kəsin arzusudur. Qismət oldu, sevinc içindəyəm. Qalib olacağımı gözləyirdim. Çünki Çempionlar Liqasında çox yaxşı çıxış etmişdim. Dünya və Avropa çempionatlarında da normal oynamışdım. Ona görə də inanırdım. Düzdür, seçimlər internet üzərindən idi. Seçilməyə də bilərdim”.

O, Azərbaycanda keçiriləcək minifutbol üzrə dünya çempionatının qalibi olmağı hədəflədiyini də bildirib:

“Qarşıdakı hədəf dünya çempionatını qazanmaqdır. Yarış Azərbaycanda keçiriləcək. Məsuliyyətlə yanaşacağıq, çempionluğu hədəfləmişik. Çempionluğa 4 namizəddən biriyik”.

E.Əlizadə “Birbaşa Bakı”nın bu mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq şansını da dəyərləndirib:

“Birbaşa Bakı”nın bu mövsüm də Çempionlar Liqasında iştirak etmək şansı yüksəkdir. Böyük ehtimalla yarışa vəsiqə qazanan komandalardan biri olacağıq. Çempionatın gedişatı da bunu göstərir. Amma birinci, yoxsa ikinci pillənin sahibi kimi vəsiqə qazanacağımız sonda müəyyənləşəcək”.

Qeyd edək ki, Elvin Əlizadə onlayn seçimlər zamanı birinci yerə layiq görülüb. Daha əvvəl yığmamızın digər üzvü Vüsal İsayev Avropada ötən ilin ən yaxşı müdafiəçisi seçilmişdi.

"Birbaşa Bakı" ötən mövsüm Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi