UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin oyunlarının azarkeşlərlə keçiriləcəyini təsdiqləyib.
"Report"un məlumatına görə, 54 yaşlı funksioner bu barədə "Sky Sports" nəşrinə açıqlama verib.
O bildirib ki, yarışın təşkili ilə bağlı bir neçə ssenari mövcuddur: "İdeal ssenariyə əsasən, Avropa çempionatını 12 şəhərdə keçirəcəyik. Amma bu, mümkün deyilsə, yarış 10 və ya 11 şəhərdə təşkil olunacaq. Bu, bir və ya bir neçə şəhərin tələb olunan şərtlərə cavab verməyəcəyi təqdirdə gerçəkləşəcək. Yeganə təminatımız odur ki, AVRO-2020-nin istənilən matçı boş stadionda keçirilmə ehtimalı istisnadır. Hər bir şəhər fanatların tribunaya buraxılmasını təmin etməlidir".
Sloveniyalı funksioner 12 şəhərdən hansınısa ev sahibliyindən məhrum etmə niyyətində olduğuna dair xəbərləri təkzib edib. O bildirib ki, şəhərlər üçün stadionlarda azarkeşlərlə bağlı son müddət 7 aprelədəkdir. Yekun qərar isə aprelin 20-də veriləcək.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.