AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu - YENİLƏNİB - 3

AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu - YENİLƏNİB - 3 Futbol üzrə Avropa çempionatında A qrupunun II turunun Türkiyə - Uels oyunu başlayıb.
Futbol
16 İyun , 2021 21:53
AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu - YENİLƏNİB - 3

Futbol üzrə Avropa çempionatının A qrupunda II tura start verilib.

"Report"un məlumatına görə, Türkiyə milisi Bakıda Uelslə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunda (BOS) keçirilən qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yükunlaşıb. Görüşdə ilk qol birinci hissənin sonlarında vurulub. 43-cü dəqiqədə Aaron Remsi qapıçısı Uğurcan Çakırla təkbətək dueldən qalib ayrılıb. 90+5-ci dəqiqədə isə Konnor Roberts fərqi iki topa çatdırıb.

İkinci yarıda "ay-ulduzlular" daha fəal çıxış etsə də, bir neçə qol epizodunu boşa verib. 60-cı dəqiqədə Zeki Çelik cərimə meydançasının xətti üzərində Qaret Beylə qarşı kobudluq oynayıb. Qarşılaşmanın baş hakimi Artur Diaş 11 metrlik nöqtəni göstərib. Beyl 61-ci dəqiqədə penaltidən yararlana bilməyib və topu qapının üstündən vurub.

BOS-dakı ilk matçda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Uels yığması qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Romadakı açılış qarşılaşmasında İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyənin isə xalı yoxdur. Şenol Güneşin baş məşqçi olduğu komanda qrupdan çıxmaq şansını çətinləşdirib.

Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq. İyulun 3-də BOS-da 1/4 final mərhələsinin bir oyunu da baş tutacaq.

Fotolar: Ehtiram CƏBİ

21:01

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hazırda Britaniya təmsilçisi 1:0 hesabı ilə öndədir.

43-cü dəqiqədə Aaron Remsi hesabı açıb.

20:46

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, fasiləyə Uels seçməsi öndə yollanıb.

Birinci yarının sonlarına yaxın, 43-cü dəqiqədə Aaron Remsi hesabı açıb.

20:42

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, 43-cü dəqiqədə Uels yığması hesabı açıb.

Aaron Remsi qapıçı ilə təkbətək dueldən qalib ayrılıb.

20:00

Futbol üzrə Avropa çempionatında A qrupunun II turunun Türkiyə - Uels oyunu başlayıb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı (BOS) qarşılaşma 20:00-da start götürüb.

Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.

Son xəbərlər

Orphus sistemi