AVRO-2020: Qruplarda ən gec qol Bakıda vurulub - ARAŞDIRMA

AVRO-2020: Qruplarda ən gec qol Bakıda vurulub - ARAŞDIRMA Türkiyənin "TRT Spor" telekanalı Avropa çempionatının qrup mərhələsinin statistikasını hazırlayıb
Futbol
24 İyun , 2021 13:25
AVRO-2020: Qruplarda ən gec qol Bakıda vurulub - ARAŞDIRMA

Avropa çempionatının qrup mərhələsinin statistikası açıqlanıb.

"Report"un məlumatına görə, indiyədək baş tutan 36 matçın ən yaxşı və ən zəifləri müəyyənləşib.

Ən erkən qol

E qrupunun III turunun Polşaya qarşı matçında (3:2) fərqlənən İsveç millisinin yarımmüdafiəçisi Emil Forsberq AVRO-2020-nin ən erkən qoluna imza atıb. 30 yaşlı oyunçu start fitindən cəmi 1 dəqiqə 22 saniyə sonra rəqib qapısına yol tapıb. Bu, eyni zamanda turnirin tarixi ərzində vurulmuş ən erkən ikinci qol kimi əlamətdar olub. Hazırkı rekord Rusiya millisinin hücumçusu Dmitri Kiriçenkoya məxsusdur. O, AVRO-2004-də Yunanıstanla matçın 65-ci saniyəsində fərqlənib.

Ən gec qol

A qrupunun II tur matçında Türkiyə millisini məyus edən Uels yığmasının müdafiəçisi Konnor Roberts turnirin hələlik ən gec qolunun müəllifi kimi yadda qalıb. 26 yaşlı futbolçu Bakı Olimpiya Stadionunda 2:0 hesabı ilə qalib gəldikləri oyunun əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə fərqlənib.

Ən çox qol buraxan yığmalar

Bu statistika üzrə ən pis göstərici Türkiyə və Şimali Makedoniya millilərinə məxsusdur. Hər iki kollektiv qapılarında 8 qol görüb. "Ay-ulduzlular" bu qolların hərəyə 3-nü İtaliya və İsveçrədən, 2-ni Uelsdən buraxıb. Uels və İsveçrə ilə qarşılaşmalar Bakıda baş tutub.

Ən az qol buraxan komandalar

İtaliya və İngiltərə yığmaları qrupda keçirdikləri 3 oyunun heç birində qapısından top buraxmayıb.

Ən çox "seyv" edən qapıçı

Türkiyə millisinin qolkiperi Uğurcan Çakır bu göstəricidə bütün rəqiblərini qabaqlayıb. O, Şimali Makedoniya seçməsindəki həmkarı Stole Dimitrevski ilə birlikdə ən çox qol buraxan qapıçı olsa da, etdiyi qurtarışların sayına görə ilk sırada qərarlaşıb. "Trabzonspor"da çıxış edən 25 yaşlı qolkiper 3 oyunda ümumilikdə 18 dəfə topun qapıdan keçməsinə mane olub. Dmitrevski isə 14 "seyv" edib.

Ən çox qol vuran komanda

C qrupunda Ukrayna və Şimali Makedoniya yığmalarının hərəsinə 3, Avstriyaya isə 2 top vuran Niderland yığması 8 qolla zirvədə yer alıb.

Ən böyük hesablı qələbə

E qrupunun son turunda Slovakiyanı 5:0 hesabı ilə məğlub edən İspaniya millisi hələlik turnirdə ən böyük hesablı qələbəyə imza atan kollektivdir. "Narıncılar" indiyədək Avropa çempionatları tarixində 5 top fərqi ilə qalib gələn 5 yığmadan biridir.

Ən məhsuldar oyun

F qrupunun II turunun Almaniya - Portuqaliya matçında qapılara ümumilikdə 6 qol vurulub. Bu görüşdə Bundestim 4:2 hesablı qələbə qazanıb.

Ən çox qol vuran futbolçu

F qrupunda Macarıstan və Fransa yığmalarının hərəsinə 2, Almaniyaya isə 1 qol vuran Portuqaliya millisinin kapitanı 5 qolla qrup mərhələsinin bombardiri olub.

Ən çox məhsuldar ötürmə edənlər

Danimarka millisindən Pyer-Emil Höybyerq və İsveçrədən Stiven Tsuber hərəyə 3 qol pası ilə birinci pillədə qərarlaşıblar. İsveçrəli yarımmüdafiəçi hər 3 ötürməni Bakıda Türkiyə millisinə 3:1 hesabı ilə qalib gəldikləri görüşdə verib.

Ən çox qolun vurulduğu vaxt aralığı

AVRO-2020-nin qrup mərhələsində keçirilən 36 oyunda qapılara ümumilikdə 94 qol vurulub. Bunların 22-si 46 və 60-cı dəqiqələr aralığında qeydə alınıb. Tamaşaçılar 61 - 75-ci dəqiqələrdə 18, 78 - 90-cı dəqiqələrdə isə 16 qol görüblər.

Ən yaxşı ötürmə faizinə məxsus yığma

Almaniya millisi qrupda oynadığı 3 matçda orta hesabla 89,7 faiz dəqiq ötürmə etməklə zirvədə yer alıb. Bundestimi 89 faizlə Fransa və Belçika izləyir.

Topa ən çox sahib olan yığma

İspaniya millisi 3 matçda orta heasbla 68,7 faizlik göstərici ilə qrup mərhələsinin ən yaxşısıdır. İkinci sırada 61,3 faizlə Almaniya, üçüncü pillədə isə 57,7 faizlə İtaliya yer alıb.

Meydana çıxan ən gənc futbolçu

İspaniya ilə E qrupunun II tur matçında Polşa millisinin heyətində meydana çıxan Katsper Kozlovski Avropa çempionatları tarixində ən gənc oyunçu kimi tarixə düşüb. O, oyuna girəndə 17 yaş 246 günlüyündə olub.

Meydana çıxan ən yaşlı qapıçı

38 yaş 9 aylığında Niderland millisinin heyətində qrup mərhələsinin hər 3 oyununda meydana çıxan Marten Stekelenburq AVRO-2020-də oynayan ən yaşlı qolkiperdir.

Son xəbərlər

Orphus sistemi