AVRO-2020: Portuqaliyadan darmadağın, Ronaldu tarixə düşdü

AVRO-2020: Portuqaliyadan darmadağın, Ronaldu tarixə düşdü Futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.
Futbol
8811
15 İyun , 2021 21:52
AVRO-2020: Portuqaliyadan darmadağın, Ronaldu tarixə düşdü

Futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.

"Report"un məlumatına görə, qrupun ilk matçında turnirin ev sahiblərindən Macarıstan millisi son çempion Portuqaliya ilə qarşılaşıb. Budapeştdəki "Puşkaş Arena"da keçirilən görüş Pireney təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hər üç qol 2-ci hissədə vurulub. 84-cü dəqiqədə Rafael Gerreyro, 3 dəqiqə sonra Kriştianu Ronaldu rəqib qapısına yol tapıb. Qarşılaşmada son nöqtəni də Ronaldu qoyub. O, əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə komandasının üstünlüyünü 3 topa çatdırıb. Beləliklə, bu görüşdə dubl edən hücumçu 11 qolla turnirin tarixində ən sərrast oyunçu ünvanını ələ keçirib. O, 9 qolu olan Fransa millisinin sabiq forvardı Mişel Platinini geridə qoyub. Veteran futbolçu qolların hamısını AVRO-1984-də vurub.

Bundan başqa, start heyətində meydana çıxan 36 yaşlı forvard 5 Avropa çempionatında forma geyinən futbolçu kimi tairxə düşüb.

Qeyd edək ki, F qrupunun digər oyununda Almaniya və Fransa yığmaları üz-üzə gələcəklər. Münhendəki eyniadlı stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi