Bakı. 16 iyul. REPORT.AZ/ Qazaxıstanın "Astana" klubunun Monteneqroda "Sutyeska" ilə keçirəcəyi futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünə yollanan heyəti müəyyənləşib.
"Report"un məlumatına görə, baş məşqçi Roman Qriqorçuk Nikşiç şəhərinə 22 futbolçu aparmağa qərar verib. Onların arasında Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda da var. Almeyda "Astana"nın 1:0 hesabı ilə qalib gəldiyi ilk oyunun 18 nəfərlik iştirak ərizəsində yer almamışdı.
"Qarabağ"ın daha bir sabiq futbolçusu, Yunanıstan PAOK-undan icarəyə götürülmüş Pedro Enrike isə səfər oyununda iştirak etməyəcək. Buna səbəb braziliyalı yarımmüdafiəçinin heyətə sifariş vaxtından gec cəlb edilməsidir. O, yalnız növbəti mərhələ üçün sifariş oluna bilər.
Qeyd edək ki, iyulun 18-də "Qradski" stadionunda keçiriləcək "Sutyeska" - "Astana" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.