İngiltərənin "Arsenal" klubu Niderlandın "Feyenord" komandasında çıxış edən Orkun Kökçü üçün təklif edəcəyi məbləğ bəlli olub.
"Report" "Daily Express"ə istinadən xəbər verir ki, London təmsilçisi 20 yaşlı yarımmüdafiəçi üçün 23 milyon funt sterlinq (təxminən 26 milyon avro) ödəməyə hazırdır.
"Topçular"ın baş məşqçisi Mikel Arteta türkiyəli oyunçunun keçidi ilə şəxsən maraqlanır. Klub Kökçü üçün İspaniya "Sevilya"sı ilə mübarizə aparmaq niyyətindədir.
"Feyenord"un yetirməsi Rotterdam təmsilçisinin əsas komandasında 2018-ci ilin sentyabrında debüt edib. Gənc futbolçu bu mövsüm 35 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Orkun Kökçü hazırda "Sabah"da çıxış edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün qardaşıdır.