"Keçmiş komanda yoldaşlarımla görüşmək və eyni meydanı bölüşmək əla hissdir".
"Report"un məlumatına görə, Polşanın "Visla" (Plotsk) klubunun futbolçusu Anton Krivotsyuk Türkiyənin Antalya şəhərində "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra "ağ-qaralar"ın rəsmi televiziyasına açıqlamasında deyib.
Azərbaycan millisinin müdafiəçisi görüşün ağır keçdiyini bildirib: "Neftçi"də toplanışın intensivliyi aşağıya doğru gedir. Biz isə bura dünən gəlmişik və 2 ağır məşqimiz olub. Rəqibin bizdən daha yaxşı olduğu meydanda da görünürdü".
24 yaşlı oyunçu Belçika klublarının maraq dairəsində olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Məndə bu cür məlumat yoxdur. İlk dəfədir eşidirəm".
Krivotsyuk Polşa "Legiya"sından ayrılmaq istəyən Mahir Emrelinin durumu haqqında isə danışmaq istəməyib: "Mahirin özünə sual versəniz, daha yaxşı olar".
Qeyd edək ki, Anton Krivotsyuk Plotsk "Visla"sına ötən yay "Neftçi"dən keçib.