"Qarabağ" klubunun sabiq futbolçusu Ansi Aqolli Bakıya gəlib.
ABŞ-ın "Nyu-York Kosmos" klubunda oynayan 39 yaşlı albaniyalı müdafiəçi İnstaqramda paylaşım edib.
Təcrübəli futbolçu "Report"a açıqlamasında səfəri barədə "I come to drink azerchay, ay qaqa" ("Mən çay içməyə gəlmişəm" - red.) yazıb.
Ağdam təmsilçisinin direktoru Emrah Çelikel isə Aqollinin Bakıya səfərindən xəbərdar olduğunu və onunla görüşəcəklərini vurğulayıb. Çelikel futbolçunun "Qarabağ"a qayıdışının gündəmdə olmadığını söyləyib. Bununla yanaşı, "Qarabağ" rəsmisi səfərin klubun sponsorlarından olan "Azərçay" üçün reklam çəkilişi ilə əlaqəsini inkar etməyib.
"Qarabağ"ın yeni Mətbuat katibi Gündüz Abbaszadə isə bildirib ki, Aqolli klubun dəvəti ilə Bakıya gəlib: "Hazırda ABŞ çempionatında fasilədir. Aqolli uşaq futbol akademiyasında çalışır. Potensial əməkdaşlıq müzakirə ediləcək. Aqolli buradan ötrü darıxıb. Həm şəhəri görməyə, həm kluba baş çəkməyə gəlib, həm də potensial əməkdaşlıq məsələləri müzakirə ediləcək".
Qeyd edək ki, Ansi Aqolli "Qarabağ"ın formasını 2012 - 2017-ci illərdə geyinib.