Ansi Aqolli: "Azərbaycan millisinə getsəydim, layihəm yarımçıq qalacaqdı"

Ansi Aqolli: "Azərbaycan millisinə getsəydim, layihəm yarımçıq qalacaqdı" "ABŞ-da futbol akademiyasını yenicə açmışdım. Daha bir bir addım atmaq üçün uyğun məqam deyildi"
Futbol
23 Mart , 2021 14:18
Ansi Aqolli: Azərbaycan millisinə getsəydim, layihəm yarımçıq qalacaqdı

"ABŞ-da futbol akademiyasını yenicə açmışdım. Daha bir bir addım atmaq üçün uyğun məqam deyildi".

"Report"un məlumatına görə, bu fikirləri Albaniya millisinin və "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ölkəsinin "Panorama" nəşrinə müsahibəsində Azərbaycan yığmasından aldığı təklifi qəbul etməməsinin səbəbi barədə danışarkən deyib.

Hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən 39 yaşlı sol cinah müdafiəçisi bildirib ki, öz layihəsinə görə millidə Canni De Byazinin köməkçisi olmaq istəməyib: "Azərbaycana getsəydim, akademiya ilə bağlı planları yarımçıq qoymalı idim. Bəlkə gələcəkdə də ABŞ-dan kənarda işləmək üçün başqa variantlarım olacaq. Amma hesab edirəm ki, onda da ən düzgün qərar burada, ailəmin yanında qalmaq və öz layihəmi davam etdirmək olacaq".

Azərbaycan futbolunun durumuna da toxunan Aqolli burada istedadlı futbolçu qıtlığı yaşandığını söyləyib: "Düşünürəm ki, bu ölkənin futbolu həm də keyfiyyətli yerli oyunçuların performansı baxımından əziyyət çəkir. Albaniya ilə eyni fürsətə sahib deyillər: yerli futbolçular, hətta Avropaya köçən alban ailələri yığmamız üçün əlavə fürsətdir. Çünki həmin uşaqlar Avropada böyüyür və futbol üçün yaxşı materiala çevrilirlər".

Təcrübəli futbolçu Azərbaycanın ölkə xaricində az sayda legioneri olduğunu vurğulayıb: "Türkiyədə və ya Rusiyada az sayda oyunçuları var. Ona görə Canni De Byazi üçün oradakı vəziyyət Albaniyadakından fərqlidir. İtaliyalı mütəxəssis Azərbaycana çətin dönəmdə yeni komanda qurmaq üçün getdi. Vaxtı çox az idi. Bu səbəbdən də Millətlər Liqası nəticə baxımından önəm daşımırdı. Bu, daha çox sınaq idi".

Qeyd edək ki, Ansi Aqolli "Qarabağ"ın formasını 2012 - 2017-ci illərdə geyinib.

Son xəbərlər

Orphus sistemi