“Çox şadam ki, Azərbaycan millisinin düşərgəsindəyəm və qısa müddət ərzində mənə yığmada debüt etmək də qismət oldu".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Ukraynanın "Minay" klubunda çıxış edən 25 yaşlı hücumçu bildirib ki, Azərbaycan əcdadlarının vətənidir: "Atamın babası və babam Azərbaycanda anadan olub, bu ölkədə yaşayıblar və babam sonradan Ukraynaya köçüb. Hələ birinci liqada çıxış etdiyim dövrdə millidə oynamaqla bağlı mənimlə əlaqə saxlanılıb . Türkiyədə təlim-məşq toplanışında olduğum vaxt yığmanın baş məşqçisinin oyunumu izləməyə gəlməsi qərar verməyimdə əhəmiyyətli rol oynadı. Millimizə faydalı ola biləcəyimə ümid edirəm".
Nuriyev ilk növbədə komandanın heyətində öz yerini möhkəmləndirməli olduğunu əlavə edib: "Buna nail olacağım təqdirdə daha çox çalışmaq və komandanın aparıcı üzvlərindən birinə çevrilmək barədə düşünmək olar. Qarşıda daha iki oyunumuz var. Hər iki qarşılaşmaya ciddi hazırlaşmalı və uğurlu nəticə qazanmalıyıq. Ümidvaram ki, məqsədimizə çata biləcəyik”.
Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.