Bakı. 16 fevral. REPORT.AZ/ "Oyundan öncə üzərimizdə həqiqətən də böyük yük, təzyiq var idi. Çünki matçdan qalib ayrılmalı idik. Həm öz evimizdə oynayırdıq, həm də vəziyyətimiz pis idi, axırıncı yerdə gedirdik. Sevindirici haldır ki, qələbə qazandıq".
"Report"un məlumatına görə, bunu "Keşlə" komandasının futbolçusu Amil Yunanov evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
İlk qolun müəllifi olan Yunanovun fikrincə, son dəqiqələrdə qələbə topunu vurmaları sevindirici haldır. Lakin 26 yaşlı hücumçunun sözlərinə görə, bu qələbə ilə arxayınlaşmaq fikrində deyillər:
"Məlum məsələdir, komanda qələbə qazana bilməyəndə, heç kimin kefi açılmır. Mübarizə qabaqdadır. Komandamızın məqsədi tək Premyer Liqada qalmaq deyil. Çalışıb daha yüksək yerlər uğrunda mübarizə aparacağıq. Bizdən öndəki klublarla xal fərqi çox deyil".
"Keşlə" son dəqiqələrdə penalti vurmaq şansı qazandı ki, həmin epizoda "Sumqayıt" narazılıq edirdi. Amma futbolçunun fikrincə, hakim düzgün qərar vermişdi:
"Qayda pozuntusu 100 faiz var idi. Çünki artıq topa sahib çıxmışdım və məni arxadan itələmişdilər".