Alim Qasımov: "Şamaxının havası futbolçulara düşəcək" - MÜSAHİBƏ

Alim Qasımov: "Şamaxının havası futbolçulara düşəcək" - MÜSAHİBƏ "Belimi bağlamışdılar ki, yıxılsam, ölməyim"
Futbol
8 Aprel , 2022 11:21
Alim Qasımov: Şamaxının havası futbolçulara düşəcək - MÜSAHİBƏ
Alim Qasımov

Azərbaycanın əslən Şamaxıdan olan xalq artisti Alim Qasımovun "Report"a müsahibəsi

- Azərbaycan Premyer Liqasında "Keşlə" klubunun adı dəyişdirilərək "Şamaxı" adlandırılıb. Şamaxıda futbol komandasının yaradılmasını necə qarşıladınız?

- Həmişə, mən uşaq olanda Şamaxıda güləş məşhur idi. ABŞ-ı fəth edən Qahir Mahmudov adlı güləşçimiz var idi. Dəfələrlə “Məhsul” cəmiyyətinin, cəmiyyətlər arasında SSRİ çempionu, ABŞ-da keçirilən beynəlxalq turnirin qalibi olmuşdu. Futbolu eşitməmişəm, amma Şamaxıda güləşin inkişafından xəbərdaram. Bununla belə, rayonumuzda futbol komandasının yaradılması da maraqlı olacaq. Cənab Prezident İlham Əliyev Şamaxı şəhər stadionunun açılışına qatılıb. Biz də gələcəkdə orada tamaşaçı qismində iştirak edəcəyik.

- Açılış oyununda iştirak üçün sizə dəvət göndərilib?

- Xeyr, dəvət gəlməyib. Mənim aprelin 9-u üçün bir neçə planım, saat 16:00 üçün söz verdiyim insanlar var. Oyun isə saat 14:00-da başlayacaq. Necə olacağını bilmirəm.

- Açılış mərasimində müğənnilərin ifaları gözlənilir. Dəvət etsəydilər, siz də tamaşaçılar qarşısında çıxış edərdiniz?

- Dəvət gəlməyib. Dəvət alsaydım, yəqin ki, iştirak edəcəkdim.

- İdman tədbirlərində çox olursunuz?

- Bir neçə dəfə idman yarışlarında iştirak etmişəm. Hətta Natiq Ritm Qrupu ilə birlikdə və təklikdə açılış mərasimlərinə qatılmışam, yarışlara aid mahnılar da oxumuşuq.

- Bakı-2015 I Avropa Oyunlarının açılış mərasimində də çıxış etmişdiniz...

- Bəli. Orada da iştirak etmişdik.

- Xalçanın üzərində səhnəyə gəlmişdiniz...

- Bəli. Doğrudur.

- Bu, sizin üçün təhlükəli deyildi?

- Təhlükəli olsaydı belə, şərəfli idi. Həmin vaxt belimi bağlamışdılar ki, yıxılsam, ölməyim (gülür - red.).

- Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının açılışında isə minbərdən səslənmişdiniz...

- Bəli. Allah icazə verdi ki, oradan da azan səsi verdik və "Allahu Əkbər" dedik. Belə açılışlarda, tədbirlərdə iştirak hər bir sənətçi, idmançı üçün böyük şərəfdir. Mən də aprelin 9-da oynayacaq komandalara uğurlar arzulayıram. Xeyirli olsun. Bütün komandalar "Şamaxı" ilə birlikdə uğurlar qazansın.

- Bəlkə bu müsahibəni oxuyandan sonra sizi dəvət etdilər?

- Problem yoxdur. Yəqin ki, yaşlandığım üçün mənə əziyyət vermək istəmirlər.

- Adı dəyişdirilənədək bu klub gümüş və bürünc medallarla yanaşı, 2 dəfə ölkə çempionu olub, 2 dəfə ölkə kubokuna sahib çıxıb, MDB və Baltikyanı ölkələrin çempionlarının "Birlik Kuboku"nun qalibi olub. Sadəcə, bu il zəif çıxış edirlər. "Şamaxı"ya hansı məsləhətləri vermək istəyərsiniz?

- Maşallah, hazır komandadır. Titullarından xəbərim yox idi. Yəqin ki, özlərini Şamaxının havasına saxlayıblar. Məncə, Şamaxının havası onlara düşəcək. Ümid edirəm ki, daha da yaxşı inkişaf edəcəklər.

- Futbolçuların Şamaxıda qalması problem ola bilər. Sizcə, orada şərait necədir?

- Hər yerdə olduğu kimi, Şamaxıda da idmançıların şəraiti yüksək səviyyədədir. Qalmaq, yemək və digər məsələlərə görə hansısa qonaq narazı gedə bilməz. Hökumətimiz də bunu həmişə diqqətdə saxlayıb. Şamaxının icra başçısı Tahir Məmmədov gəncdir, sənətə, idmana və mədəniyyətə çox yüksək qiymət verir. Kimsə Şamaxıdan narazı qayıda bilməz.

Son xəbərlər

Orphus sistemi