Bakı. 28 avqust. REPORT.AZ/ Çempionlar Liqasında 2018/2019 mövsümünün 1/4 final mərhələsindən etibarən videotəkrar (VAR) sisteminin tətbiq olunacağına dair xəbərlər həqiqətə uyğun deyil.
"Report" xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin "Marca"ya açıqlamasında bildirib. O, hakimlərə videoyardım sistemi barədə məsələni müzakirə etmədiklərini söyləyib: "Mən hələ də VAR-a əmin deyiləm. Elə məsələlər var ki, aydınlaşdırılmalıdır. VAR-dan istifadəyə kim qərar verir: video-referi, yoxsa baş hakim? Bir çox məsələ hələ aydın deyil. Amma anlayırıq ki, bir gün VAR-dan yararlanmağımız lazım gələcək. Nə vaxt hazır olsaq, UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozettiyə deyəcəyəm".
Sloveniyalı funksioner gələcəkdə VAR-ı qəbul etməli olacaqlarını da vurğulayıb: "Çünki bütün Avropada oyunlarımız olur. Çempionlar Liqası isə sadə turnir deyil. Amma bizə tənzimləyici qaydalar lazımdır. Dünya çempionatındakı köməkçi hakimlərə baxın – heç nə etmədilər, sadəcə, gözlədilər. Hakimlərdən biri mənə dedi ki, epizodlardan birində mübahisə yaranan zaman əlini qulaqcığa aparıb və futbolçular ondan əl çəkib”.
Qeyd edək ki, VAR sistemindən 2018-ci il dünya çempionatında istifadə olunub.