Hədəfim daha böyük klublarda oynamaqdır. Bunun üçün çalışıram. Qısa zamanda bir pillə daha yuxarı qalxmaq istəyirəm.
Bunu "Report"a açıqlamasında Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev deyib.
Ötən gün Albaniya Superkubokuna sahib çıxan yarımmüdafiəçi zədə səbəbindən "Kukesi" ilə həlledici matçda iştirak edə bilmədiyini söyləyib:
"Dinamo" (Tirana) ilə görüşdən sonra əzələmdə yüngül gərilmə var idi. Bu səbəbdən meydana çıxa bilmədim. Şükürlər olsun ki, hər şey yolunda getdi və komandamız qələbə qazandı. Superkuboku əldə etdiyimiz üçün çox xoşbəxtəm. Qısa zamanda kubok qazanmaq çox sevindirici haldır. İnanıram ki, davamı gələcək".
Z.Əliyev hədəflərinin böyük olduğunu vurğulayıb:
"Bu mövsüm Albaniya çempionu olmaq və Çempionlar Liqasında iştirak etmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Eqnatiya" "Kukesi"ni 2:0 hesabı ilə məğlub edib.